Loading...

Rəqəmlər haqqında nə bilirsiniz?
Maraqlı
- 26 Aprel, 2011
- 38 083 Baxış
Loading...

Əslində, rəqəmlərin tarixi bəşəriyyətin tarixi qədər qədimdir desək, yəqin ki, səhv etmərik. Bununla belə yenə də rəqəmlərin ilk dəfə nə vaxt meydana gəlməsi barədə konkret bir tarix demək mümkün deyil. Ancaq çox güman ki, ilk insanların rəqəmlər haqqında sadə də olsa, təsəvvürləri var idi. Məsələn, onlar üçün insanın qollarının sayı ilə quşların qanadlarının sayının eyni olduğunu bilmək o qədər də çətin deyildi. Və ya onlar insanın ayaqlarının sayının maralın ayaqlarının sayından 2 dəfə az olduğunu bilmək üçün o qədər də böyük bir elmə ehtiyac hiss etmirdilər. Hətta yaxın tarixlərə qədər Sakit Okean adalarında yaşayan bir çox tayfalar yalnız “bir” və “iki” rəqəmlərindən istifadə edirdilər. Məsələn, 3 ədədinə onlar “iki-bir”, dörd ədədinə “iki-iki”, beş ədədinə “iki-iki-bir”, altı ədədinə isə “iki-iki-iki” deyirdilər. 6-dan böyük ədədləri isə sadəcə olaraq “çox” adlandırırdılar.

Ancaq təfəkkür inkişaf etdikcə insanlar daha çox şeyi saymağı öyrəndilər və beləliklə, beşlik, onluq, onikilik kimi say sistemləri meydana gəldi. Beşlik və onluq say sistemləri insanın əllərində olan barmaqların sayı ilə əlaqədar idi. On iki isə ikiyə, üçə, dördə və altıya bölündüyü üçün saymaq asan idi (yeri gəlmişkən, deyək ki, on iki ədədinə başqa sözlə “düjün” də deyirlər). İlk vaxtlar insanlar barmaqları ilə sayırdılar. Buna görə də, çox şeyi saymaq üçün bəzən bir neçə adam lazım gəlirdi. Birinci adam əllərinin barmaqlarını bir-bir qatlamaqla təklikləri sayırdı. Birinci adam on barmağını qatlayıb qurtardıqdan sonra barmaqlarını açır və ikinci adam bir barmağını qatlayırdı. İkinci adamın hər barmağı bir onluq demək idi. İkinci adamın barmaqlarının onu da qatlandıqda sayılan şeylərin miqdarı on onluğa yəni yüzə çatırdı. Onda üçüncü adam bir barmağını qatlayırdı. Beləliklə, onluq say sistemi meydana gəldi.

İlk vaxtlar romalılar da bir çox xalqlar kimi şeyləri barmaqla sayırdılar. Əslində, bu gün istifadə etdiyimiz Roma rəqəmlərinin yazılışı da elə bununla bağlıdır. Bir barmaq (I) 1 rəqəmini, iki barmaq (II) 2, üç barmaq (III) 3 rəqəmini ifadə edirdi. Əli tam açıb yuxarı qaldırmaqla (V) romalılar beş rəqəmini bildirirdilər. 10 rəqəmini isə romalılar əllərini yuxarı qaldırmaq və aşağı salmaqla göstərirdilər (X). Yüz ədədini “centum” (yüz) sözünün baş hərfi ilə (C), min ədədini isə “mille” (min) sözünün baş hərfi ilə (M) kimi göstərirdilər. Əlli ədədini göstərmək üçün C (yüz) işarəsinin, beş yüz ədədini göstərmək üçün isə M (min) işarəsinin yarısından istifadə edirlilər. Sonralar bu işarələr müvafiq olaraq, “L” və “D” formasını aldı. Beləliklə, ədədləri yazı ilə göstərmək üçün bu say sistemində yeddi rəqəm qəbul edildi: I, V, X, L, C, D, M. Qalan ədədləri göstərmək üçün isə bu rəqəmlərin birləşməsindən və ya təkrarından istifadə edilirdi (məsələn, MDCLXVI = 1000 + 500 + 100 + 50 + 10 + 5 + 1 = 1666 kimi).

Romalılara qədər isə insanlar rəqəmləri ifadə etmək üçün xətlərdən istifadə edirdilər (məsələn, babillilər). Onlar bu xətlərlə 1, 10, 100 rəqəmlərini ifadə edir, qalan ədədləri isə onların birləşməsi vasitəsi ilə göstərirdilər.

Qədim Misirdə isə rəqəmləri ifadə etmək üçün müxtəlif işarələri və ya simvolları bir-birinin yanına qoyurdular. Rəqəmləri ifadə etmək üçün cəmi 7 işarədən və ya simvoldan istifadə olunur və rəqəmlər bir qayda olaraq sağdan sola yazılırdı.

Müasir rəqəmlərin tarixi isə daha çox Hind rəqəmləri ilə bağlıdır. Təqribən eradan əvvəl 5-ci əsrdə meydana gələn bu rəqəmlər sonradan 8-9-cu əsrlərdə Ərəbistana, 11-13-cü əsrlərdə isə Avropaya keçmişdir. Bu gün tanıdığımız rəqəmlər isə təqribən 16-cı əsrdən məlumdur.
FİKİRLƏRİNİZ...
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...