Loading...
40 dərəcə istidə çay, yoxsa soyuq su?

40 dərəcə istidə çay, yoxsa soyuq su?

Loading...

Diyetoloq Turxan Baratzadə: “Soyuq su içməklə susuzluğunu yatıran bir adama “çay iç, susuzluğun daha tez gedəcək” demək olmaz”


Belə bir lətifə var. Azərbaycanlının 40 dərəcə istidə qaynar çay içdiyini görən rus soruşur ki, bu qızmar istidən onu necə içirsən? Azərbaycanlı da ona belə cavab verir: “Siz 40 dərəcə şaxtada dondurmanı necə yeyirsinizsə, eləcə”. Amma bütün hallarda, isti yay günlərində soyuq suya deyil, çaya üstünlük verilməsinin səbəbləri bir çoxları üçün qeyri-müəyyən olaraq qalır. Üstəlik, qızmar istidə “susuzluğu yatırmağa” münasibət də birmənalı deyil. Kimisi soyuq suya, kimisi də isti çaya üstünlük verir. Bəs mütəxəssislər nə deyirlər? Temperaturun müsbət 40 dərəcə olduğu günlərdə isti çay içək, yoxsa soyuq su?


 “Kaspi” qəzetinin araşdırmasını təqdim edir ik.

İsti mayenin susuzluğa təsiri

Diyetoloq Turxan Baratzadə “Kaspi”yə bildirdi ki, isti maye qəbul edilən zaman bədəndə sürətli şəkildə tərləmə baş verir. Tərləmə zamanı bədən temperaturu azalır və bu da insana rahatlıq hissi verir: “Bu səbəbdən, yay aylarında çay içdiyimiz zaman susuzluq hissimiz daha tez gedir. Soyuq su içərək də bədənin maye ehtiyacını tənzimləmək mümkündür. Ancaq araşdırmalar göstərir ki, insanlar isti və ya ilıq su içərək susuzluq hissini daha tez aradan qaldırmış olurlar. Bu, reallıqdır ki, bir adam isti havada 3-4 stəkan soyuq suyun yerinə bir stəkan çay içməklə daha tez susuzluğunu aparmış olur. Düzdür, çay içəndə, tərləmə zamanı bədən bir miqdar su itirir. Amma bu, içdiyimiz çay qədər olmur. Ona görə, bədənimizin maye ehtiyacını çayla təmin etmiş oluruq”.


Orqanizm hansını istəyir?

Soyuq su, yoxsa isti çay? – sualının cavabına gəlincə, T.Baratzadə bunun insandan-insana görə dəyişdiyini deyir: “İnsanların alışqanlıqları burda önəmli paya malikdir. Soyuq su içməklə susuzluğunu yatıran bir adama “çay iç, susuzluğun daha tez gedəcək” demək olmaz. Elə adam var ki, çay içdiyi zaman susuzluğu daha tez gedər, eləsi də var ki, mütləq soyuq su içməlidir. Burada doğru olan insanın orqanizminin nə istəməsidir, hər kəs də orqanizminə görə seçim edir”.


Sadə və şirniyyatsız

Yay aylarında çaya üstünlük verənlərə, mütəxəssis öz tövsiyələrini də verdi: “Çayın bədən üçün bir çox faydası var. Ən çox bilinən faydası çayın antioksidant özəlliyidir. Araşdırmalar göstərir ki, çay qanda şəkərin miqdarını, infarkt və insult riskini azaldır. Bundan başqa, bağırsaqda olan faydalı bakteriyaların artmasını təşviq edir. Bağırsaq mikroflorasının normallaşmasına kömək edir. Söhbət dadlandırılmamış, sadə çaylardan gedir. Çayı sadə halda içmək lazımdır. Bizdə çayın yanında şirniyyatlar olur, heç bir şey tapılmadığı halda qəndlə içilir ki, bunun da təsiri mənfidir”.


Çayın zərərlərini azaltmaq

T.Baratzadənin sözlərinə görə, yay-qış fərq etmir, çay içilməsi ilə bağlı bəzi məsələləri diqqətdə saxlamaqda fayda var: “Çayın faydalı tərəfləri ilə yanaşı, zərərli yönləri də var. Bunu minimuma endirmək üçün bəzi məsələlərə diqqət edilməlidir. Məsələn, mümkün qədər erkən saatlarda istifadə edilməsi lazımdır. Yeməkdən sonra istifadəsi dəmirin sorulmasını azaldır. Xüsusilə, ət yeməklərindən sonra çay içilməsi ətin tərkibində olan dəmirin sorulmasını çətinləşdirir. Çayın tərkibində olan kofein yuxusuzluq yaradır. Mümkün qədər çalışmaq lazımdır ki, axşam saatlarında çayı az içək. Kofein yuxusuzluğa, baş ağrısına gətirib çıxara bilər”.


Soyuq su və bədən temperaturu

İsti havalarda çox soyuq su içilməsinin orqanizm üçün məsləhət olmadığını, bunun problem yarada biləcəyini deyənlər var. Diyetoloqun sözlərinə görə, bu yanaşma yanlışdır: “Bədənin özünü tənzimləmə mexanizmi var. Su istər soyuq, istərsə də isti halda içilsin, fərqi yoxdur, bədən temperaturu eyni dərəcədə - 36-36,5 arasında qalır. Soyuq su bədən temperaturunu anidən dəyişmir. Qəbul edilən maye həmin andakı temperaturla qan damarlarına girib bədəni soyutmur”.


Susayanda yox, həmişə…

Diyetoloq qeyd etdi ki, yay aylarında maye qəbul etmək üçün susuzluğu gözləməməliyik: “Bədənin gündəlik ortalama maye ehtiyacı çəkinin 1/30-i qədər hesablanır. Bu da, təqribən 2-3 litr maye edir. Özəlliklə, yay aylarında havaların isinməsi və bədənin tərləməsi səbəbi ilə orqanizmin itirdiyi mayeni geri qaytarması üçün su içməyimiz lazımdır. Günəş altında, isti yerlərdə daha çox vaxt keçirənlər istivurmadan, günvurmadan qorunmaları üçün də su içməlidirlər. Susuzluğumuzun keçməsi üçün yox, adi halda da maye qəbul etmək lazımdır”.

Diyetoloq qeyd etdi ki, yay aylarında şəkərli içkilərdən uzaq durmaq lazımdır: “Şəkərli içkilərin yerinə ayran, digər südlü içkilər, çay, su içmək yaxşı olar”.


“Çay sevən millət olsaq da...”

Çayçı Mahir dayı deyir ki, yay aylarında çaya tələbat xeyli azalır: “Yayda hava isti olur deyə, insanlar isti yox, soyuq içkilərə daha çox meyl edirlər. Satışda da sərinləşdirici içkilərin çeşidi çoxdur. Ona görə, nə qədər çay sevən millət olsaq da, yayda digər fəsillərdəki qədər çay içən olmur. Çay içəndə, bədənə istilik gəlir, adam tərləyir. Düzdür, çay susuzluğu tez yatırsa da, tərləmə orqanizmə yaxşı təsir etsə də, çox tərləmək də adamlar üçün rahat deyil. Ona görə, mümkün qədər, yay aylarında çaydan uzaq dururlar”.


Gözəl təsir edir

Mahir dayı bildirdi ki, yayda çaya tələbat daha çox axşam saatlarında olur: “Çay sevən, yaxud içmədən dayana bilməyən, gündəlik menyusunda mütləq çay olan adamlar var. Elə adamlar ki, hansısa gün çay içməsələr, əhvalı o əhval olmur, yaxud nəsə özünü qəribə hiss edir. Çay içirlər, düzəlir. Çünki çayın faydaları var və bundan dolayı, yayda da çay içənlər, təbii ki var. Bu adamlar axşamüstü, saat 6-7-dən sonra çay içməyə gəlirlər. Yay aylarında axşamüstü, can rahatlığı üçün 1-2 stəkan çayın yeri var. Gözəl təsir edir”.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR