
Fərid Məmmədov üçün aeroportda qarşılanma olmadı
- 20 May, 2013
- 5 184 Baxış
Eurovision-2013 müsabiqəsində Azərbaycanı təmsil edib, ikinci yer tutan Fərid Məmmədov üçün Bakıda aeroportda qarşılanma mərasimi təşkil edilmədi.
Azərbaycanın “Eurovision” yarışmasında iştirak tarixində Eldar və Nigardan sonra ikinci ən yüksək nəticəni göstərən F.Məmmədovun çıxışına görə, qalib olan Danimarka təmsilçisindən də daha çox sayda maksimum olan 12 bal Azərbaycana verildi.
Qeyd edək ki, Danimarka Eurovision-2013-də 8 ölkədən, Azərbaycan isə 10 ölkədən maksimum bal alıb.
Amma möhətəşəm ifadan və səhnə quruluşundan sonra Vətənə dönən F.Məmmədovu yalnız bir neçə telekanalın əməkdaşları qarşıladı.
Sosial şəbəkərlərdə yayılan məlumatlara görə F.Məmmədov üçün hətta avtomobil belə göndərilməyib və o London taksisindən istifadə etməli olub.
Məsələyə münasibət bildirən Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva deyib ki, onun təmsil etdiyi nazirlik “Eurovision” yarışması ilə bağlı sırf işləmir.
“Bu iş Gənclər və İdman Nazirliyi ilə İTV-nin kurasiyasındadır. Fəridin qarşılanmasını da onlar təşkil etməlidir. Çünki onlar Fəridi İsveçə yola salıblar. Düzdür, yarışmanın milli seçimlərində münsif üzvümüz olub. Amma təşkilati işlərlə biz maraqlanmırıq”.
Gənclər və idman nazirliyinin mətbuat katibi Qabil Mehdiyev isə öz növbəsində bildirib ki, “bu barədə Nazirliyimizin Gənclər şöbəsi ilə əlaqə saxladım. Onlarda da məlumat yoxdur”.
Onun sözlərinə görə, həmin vaxt şöbə sədri nazirlikdə, nazir müavini İntiqam Babayev isə xaricdə tədbirdə olub.
“Bunun axı bizə aidiyyatı yoxdur. Qarşılanma ilə bağlı məsələ bizim nazirliyə aid olmayan bir şeydir”.
İctimai Televiziyadan isə bildirilib ki, F.Məmmədovu bir neçə telekanal qarşılayıb.
Günahın kimin üzərində olmasından asılı olmayaraq, üzdə görünən Eurovision-2013 müsabiqəsinin ikincisinin qarşılanması məsələsinə orta səviyyəli məmurlar tərəfindən göstərilən laqeyd münasibət olub.