Fon yüklənir...

Sizin konturlarınızı yeyən kontent provayder və mobil operatorlar fırıldağı

 

Şikayətlər n saydadır, hər kəs xəbərsiz gedən balansından şikayətçidir, bilmədən, xəbərsiz gedən konturlar...
Bəli, sizin bu gedən konturlarınız sayəsində milyonlar qazananlar var, özü də oturduğu yerdən, çox sadə.
Keçək mətləbə. Deməli, bu balans sizdən necə çıxılır? Bu proseslər necə baş verir? Sizə qismən də olsa ətraflı bunu bildirək. Deməli, kontent provayder anlayışı var, hansı ki, bunlar sizə guya kontur qarşılığında xidmətlər verir. Məsələn, musiqi yükləmək, video izləmək, bürc, ulduz falı və s. kimi xidmətlər. Bu kontent provayderlər mobil operatorlarla müqavilə bağlayır və aralarında razılaşırlar ki, sizləri bu xidmətlərə abunə edib, qazancın müəyyən faizini mobil operatorlar kontent provayderlərlə aralarında bölsünlər. Xidmətlər də qiyməti müxtəlif olur, 0.30 Azn, 0.5 Azn, 0.59 Azn və s. Ən əsası da bu balans sizdən gündəlik olaraq çıxılır.
 
Bəs necə olur ki biz abunə oluruq? Biz belə şey istəmirik axı? Onsuz da musiqi yükləmək, video izləmək üçün kifayət qədər yetərli saytlar var. 60 qəpik buna niyə verək ki? Abunə prosesi bir çox yollarla mümkündür, əvvəla bir çox saytlara gizli kodlar yerləşdirilir. Bəli, şəffaf olaraq yazıla bilər ki, siz buraya klikləyərək filan xidmətə abunə olacaqsınız, filan qədər konturunuz gedəcək. Düzdür, çox az olsa da belə şəffaf hallar var, öncədən xəbərdarlıq. Buna bir şey demirik, yəni mən ora klikləməsəm abunə olmayacam. Çox gözəl.
Amma, təəssüf ki, həmişə belə olmur, bəzi saytlara isə gizli kodlar elə yerləşdirilir ki, siz mobil internetlə həmin sayta daxil olanda, nömrəniz təyin olunur və avtomatik bu xidmətə qoşulursunuz. Bəli, düz oxudunuz, avtomatik. O an, sizə sms gəlir ki, filan xidmətə qoşuldunuz, gündəlik bu xidmət 59 qəpikdir və dərhal 59 qəpiyiniz çıxılır məsələn. Nəysə ki, sonra qeyd olunur ki, xidməti deaktiv etmək üçün, stop yazıb, filan nömrəyə göndərə bilərsiniz. Yaxşı göndərdiniz, deaktiv etdiniz, amma artıq 59 qəpiyiniz havaya uçdu. Siz ayıq oldunuz, buna fikir verdiniz deyək.
Amma çoxları bu smsə fikir vermir və xəbərsiz olaraq qoşulduğunu bilmir, nəticədə gündəlik balansdan pulu çıxılır, bir də görür ki, balans yoxdur, yenə balans yükləyir, 2 gün sonra görür yenə balans yoxdur. Bəli, o adamın qəpikləri kimlərinsə cibini doldurdu və onlar milyonlar qazandı, olan kasıb təbəqəyə olur. 
Lap xidməti deaktiv də etsəniz bu həmin hadisə başınıza yenə gəlməyəcək demək deyil, qismən çarə bu ola bilər ki, həmin smsdə göndərilən nömrəyə zəng edib deyə bilərsiniz ki, "mənim nömrəmi bloka salın, bir də bu xidmətə qoşulmasın". Hə, nə olsun? Bu xidmətə qoşulmayacaq, axı belə xidmətlərin sayı n qədərdir, gələn dəfə də başqasına qoşulacaq. Qeyd edim ki, bəzən xəbərdarlıq sms-i heç gəlməyə də bilər və ya çox gec gələ bilər.
Mobil operatorlara zəng etsəniz, onlar özünü "mələk" kimi qələmə verərək, deyəcək ki siz hansısa saytdan abunə olmusunuz, onlar kontent provayderlərdir, bizlik deyil deyəcəklər.
Bəs yaxşı, kontent provayder mənim nömrəmi hardan bildi? Texniki olaraq yazmayacam bu məsələləri, çünki, hər kəs texniki dildə bunu anlamayacaqdır. Sadəcə bilin ki, bundan elə birinci mobil operatorların xəbəri var, çünki onlar istəməsə sizin nömrəniz hansısa xidmətə qoşula bilməz, mobil operatorlar kontent provayderlərə sizin nömrənizi təyin etmək və abunə etmək hüququnu verib. Ona görə ki, mobil operatorlar da burdan milyonlar qazanır, təkcə kontent provayderlər deyil.
Bu yazdıqlarımı gələcək xəbərlərdə şəkillərlə sübut da edəcəyəm. Artıq bu gündən qərar verdim ki, bu kontent provayderləri çökdürəcəm və millətin balansı yeyilməsin. 
Beləliklə, bu tip xidmətlərdən öz istəyi ilə yararlanmaq istəyən 1000 adamdan birini tapa bilərsən, qalan 999u istəmədən abunə olmuş olur. Bunu hər 3 mobil operator da edir, fərqi yoxdur, Bakcell, Azercell və ya Nar. 
 
Sonda bunu qeyd edim ki, əgər Wi-Fi ilə qoşulmusunuzsa qorxunuz olmasın, çünki bu halda nömrənizi dərhal təyin edə bilmirlər, amma mobil internetlə daxil olanda bu çox asan baş verir. Onu da qeyd edim ki, artıq saytlarımızın çoxunda bu kodlar var, mümkün qədər vacib olmadıqca mobil internetlə saytlarımıza daxil olmayın.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam