"Bu şəhərdə" Sarayın rekordunu təzələdi: 6 günlük konsertdən nə qədər qazandılar?
“Bu şəhərdə” yumor qrupunun məşhur aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimov “Xınayaxdı” adlı altı günlük konsert proqramı ilə Heydər Əliyev Sarayının rekordunu təzələyib. Bu barədə “Bu şəhərdə”nin prodüsseri və ssenaristi Müşfiq Abbasov məlumat verib.
M.Abbasov bildirib ki, konsert beş gün nəzərdə tutulsa da, tamaşaçı tələbatını nəzərə alaraq bir gün də əlavə çıxış ediblər: “Bu gün son konsert günümüzdür. Artıq iki gündür kassalarda biletlər qurtarıb. Tələbat olduğu üçün konserti bir neçə gün uzatmaq fikrimiz var idi. Sadəcə sabah və birisi gün Sarayda dövlət tədbirləri keçiriləcəyi üçün altı günlə kifayətlənməli olduq”.
"Gəlirimiz hər il verdiyimiz iki konsertdən gəlir"
“Xınayaxdı”nın digər konsertlərindən fərqinə gəlincə, M.Abbasov dedi ki, bu konsertdə “Otello və Dezdamona”, “Toy olsun” kimi səhnəciklər yer alıb. Həmçinin, aktrisa Xuraman da Rafael və Coşqunla birgə bu konsertdə çıxış etdi.
M.Abbasovdan biletləri qurtaran “Xınayaxdı”dan əldə etdikləri gəlir barədə soruşduqda, o bildirdi ki, gəlir-xərclər barədə dəqiq məlumat təxminən on gündən sonra məlum olacaq: “Biz konsertə çəkdiyimiz xərcləri, geyimləri, dekorasiyaları, qonorarları hesablayandan sonra gəlirimizin nə qədər olacağını biləcəyik. Təbii ki, sponsorumuz olmasaydı zərərlə çıxardıq, elə gəlirimiz xərclərimizi ödəyəcəkdi. Bu, hər yerdə belədir. Bizim də gəlirimiz hər il verdiyimiz iki konsertdən gəlir. Biz nə şou-proqramlara, nə toylara, nə də restoranlara gedirik. Odur ki, nə supermarketimiz, nə gözəllik salonumuz, nə maşın yuyan yerimiz, nə də restoranımız var. İldə iki dəfə konsertlə kifayətlənirik”.
Prodüser “Bu şəhərdə”nin ən gəlirli ilini də açıqlayıb: “Ən gəlirli ilimiz iki il öncə oldu. Həmin il dünyanın 8 şəhərində konsert proqramları ilə çıxış etdik və yaxşıca qazandıq”.
"Bu şəhərdə"nin "Xınayaxdı" adlı konserti martın 5-dən başlayıb və bu gün - martın 10-da sonuncu nümayiş günüdür.















FİKİRLƏRİNİZ...