Şaxta babanın evi olan Laplandiya haqqında
Marallarla səyahət
Yer kürəsinin bu guşəsini şimal marallarının əsl cənnəti adlandırmaq olar. Hətta H. X. Andersonun hamıya uşaqlıqdan məlum olan «Qar şahzadəsi» nağılında belə maralın dilindən verilən cümlədə Laplanidiyanın möcüzəli və gözəl bir yer olması barədə məlumat verilir. Burada hər kvadrat kilometrə 2 adam və 2 maral düşür. Hələ qədimlərdən marallar Günəşin simvolu hesab olunurdu. Buynuzları isə zamanın gedişi ilə assosiasiya olunurdu. Ölkənin Laplandiyaya aid olan ərazisində marallara hər yerdə rast gəlmək mümkündür. Onlar insanlar, maşınlar arasında istədikləri kimi dolaşırlar. Buraya gələn istənilən adam qısa kurs keçdikdən sonra maral qoşqusunu idarə edə və maral sürmək hüququ qazana bilər. Laplandiyanın faunasına marallarla yanaşı, ayı, tülkü, canavar və müxtəlif quşlar daxildir. Məsələn, Ranua parkında 60 növ şimal və arktik iqlimdə yaşamağa uyğunlaşan vəhşi heyvan növü saxlanılır. Burada sığına, cüyürə, hətta, ağ ayıya da rast gələ bilərsiniz.
Görməli yerlər
Bir haldakı ölkənin təbiəti özü Laplandiyanın ən diqqətəlayiq yerlərindən hesab olunur, onda buradakı istirahət növlərinin hamısı birbaşa onunla bağlıdır. Laplandiyanın həyatında mədəni hadisələr də baş verir. Hər ay müxtəlif istiqamətli musiqi, kino və cizgi film festivalları, buz üstündə gəzmə yarışı, helkəltəraş sərgiləri, buzdan fiqurkəsmə və s. tədbirlər keçirilir. Ölkənin tarixində «qızıl həyəcanı» dövrü də böyük rol oynayıb. Burada XX əsrin əvvəllərində aktiv şəkildə qızıl çıxarılırdı. Tankavaarada qızıl qəsəbəsi, Beynəlxalq qızıl muzeyi yerləşir. Muzeydə qızılçıxarmanın tarixi barədə lazımi məlumat əldə edə və bir neçə dəqiqə özünüzü qızıl axtaran rolunda görə bilərsiniz. Kemi şəhərinə baş çəkməyi də unutmayın. Dünyada ən böyük qar qəsri və turistlər üçün nəzərdə tutulan yeganə «Sampo» buzqıran gəmisi buradadır. İnarinyarvi gölündə yerləşən Ukko adasını isə əhali qədim ruhların məskəni adlandırır, nə özləri oraya baş çəkir, nə də başqalarının getməyini məsləhət bilirlər.
Şaxta babanın evi
Santa Klaus, yəni Şaxta baba Finlandiya ərazisinə aid olan Laplandiyada Korvantunturi dağında işgüzar cırtdanlarla birgə yaşayır. Dağ öz formasına görə dovşan qulağını xatırladır. Şaxta baba ağ saqqallı, qızmızı kürklü və içərisində oyuncaqlar dolu kisələr olan səkkiz maralın qoşulduğu xizəyi idarə edən mehriban kişi obrazında təsvir olunur. Bu maraqlı personajın meydana gəlməsi konkret adamla bağlıdır. Həmin şəxs 300-cü ildə Kiçik Asiyanın Smirna şəhərində yaşayıb. Onu Nikolay Mirlikinski, yaxud da Smirna şəhərindən olan Nikolaus kimi çağırırdılar. Bu yepiskop mehribanlığı, səxavətlililiyi və kasıb uşaqlarına bəslədiyi məhəbbətilə şöhrət qazanmışdı. Hətta, Nikolaus onların yaşadıqları evlərin pəncərəsindən hədiyyələr də atardı. Rəsmi olaraq Şaxta babanın ofisi 1985-ci ildə açılıb. Buraya il ərzində dünyanın hər yerindən 700 min məktub gəlir. Onun ən böyük arzusu isə Yer kürəsindəki uşaqların hamısını xoşbəxt etməkdir.