Fon yüklənir...
Загрузка...

“Tanınmaq üçün oxumuram” - Fotolar

Загрузка...
“Tanınmaq üçün oxumuram” - Fotolar

Festival tamaşaçılara bayram ab-havası bəxş edir. Bu bayramda hər kəs sevinir - iştirakçılar da, tamaşaçılar da. Ötən ay Musiqili Teatrın istedadlı aktrisası, solistimiz Eleonora Mustafayeva da böyük bayram coşqusunu həm yaşayıb, həm də yaşadıb. Belə ki, aktrisa oktyabrın 11-dən 15-dək Qazaxıstanın Karaqanda şəhərində XX beynəlxalq "Muzıkalğnaə Sarıarka” musiqi festivalında iştirak edib. Müxtəlif üslub və janrlarda musiqilərin səsləndirildiyi, bir neçə gün davam edən silsilə konsert proqramında Qazaxıstanla yanaşı, Türkiyə, Rusiya, Qırğızıstan, Özbəkistan, Tatarıstan və Azərbaycan da yer alıb. E.Mustafayeva ölkəmizi təmsil edərək təntənəli bağlanış mərasimində Qırğızıstan Respublikasının Xalq artisti Baktıbek Ibıkeev və Rusiyanın Xalq artisti Aleksandr Tsiqankovla bərabər konsertə yekun vurub. Aktrisa səfərdən döndükdən sonra qonağımız oldu və səfər təəssüratlarını bizimlə bölüşdü. 
- İstərdik ki, səfərlə bağlı təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Çox sevincliyəm və Azərbaycanı beynəlxalq festivalda təmsil etdiyim üçün məmnunam. Bilirsiniz ki, mayda Türkiyəyə qastrol səfərinə getmişdim. Orada "Birinci  Beynəlxalq  Gaziantep Opera və Balet Festivalı”nda Azərbaycanı təmsil edirdim. Festivalın təşkilatçıları ilə orada tanış olmuşdum və onlar məni növbəti festivala dəvət etdilər. Musiqili Teatrın rəhbərliyinə, Əliqismət Lalayevə məktub göndərdilər. Əliqismət müəllim də o festivalda iştirak etməyim üçün razılığını verdi. Bunun üçün rəhbərliyimizə minnətdarlığımı bildirirəm. 
Festivalda iştirak edən başqa xalqların nümayəndələri ilə dostlaşdıq, səmimi müzakirələr apardıq. Sanki onları çoxdan tanıyırdım. Onlar bizim solistləri də tanıyırlar və vasitəmlə onlara öz salamlarını göndərdilər. Konsert öncəsi çox həyəcanlanırdım. Festivalda ilk çıxışımda Gülçöhrənin "Aşiq oldum” ariyasını oxuyacağımı zənn edirdim. Ancaq gördüm ki, ifaçılar Gülçöhrənin başqa ariyasını ifa edirlər. 
 
 
-Bəs nə etdiniz?
- Onlara heç nə hiss etdirmədim. Onların ifa etdikləri "Hicran dərdi” ariyasını səsləndirdim. Birinci "Azərbaycan” əsərindən başladım və gördüm ki, bunu çox gözəl qarşılayırlar, bu onların ürəyincə idi.  
 
 
- Orada sizi kimlər müşayiət edirdi və nə səsləndirdiniz?
- Qırğızıstanın Əməkdar incəsənət xadimi Duysen Ukibayın dirijorluğu ilə Tattimbeta adına Qazaxıstanın Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti altında "Arşın mal alan” operettasından (Ü.Hacıbəyov) Gülçöhrənin ariyasını, "Ne poy, krasavitsa pri mne” (S.Raxmaninov), "Bolero” (Kyaro), "Gianni Schicchi” (C.Puççini) operasından Laurettanın ariyasını ifa etdim.
 
 
- Festivaldan sonra sizə hansı fikirləri bildirdilər?
- Festivalda iştirak etdiyimizə görə sertifikat və mükafat təqdim edərək öz təşəkkürlərini bildirdilər. Bundan sonra da işbirliyimizin olacağını qeyd etdilər. Mən oradan böyük ruh yüksəkliyi ilə ayrıldım. Dünyanın müxtəlif ölkələrindən və türkdilli dövlətlərdən də ora iştirakçılar gəlmişdi. Biz onlarla söhbət edir, bir sənət yoldaşı kimi müzakirələr aparırdıq. 
 
 
- Ümumiyyətlə, beynəlxalq festivallar ifaçıya nə qazandırır?
- Festival sənətçiyə birinci növbədə təcrübə, sonra da dost qazandırır. Özünü çox xoşbəxt hiss edirsən. Sənətçi üçün öz sənətini göstərməkdən gözəl nə ola bilər? Sənin ifan eşidilir və qiymətləndirilir. İncəsənət adamına bir xoş söz deyirlərsə, bu onun üçün ən gözəl dəyərdir. 
 
 
- Bilirik ki, Musiqili Teatrda tam işçi olaraq, Opera və Balet Teatrında isə müqavilə ilə işləyirsiniz. Hər iki teatr arasında tempi tutmaq sizə çətin deyil ki?
- Analıq məzuniyyətindən döndükdən sonra Musiqili Teatrda çalışıram. Bir neçə aydır ki, teatra geri dönmüşəm. Əvvəllər də Musiqili Teatrda işləmişəm. Qeyd edim ki, Musiqili Teatr mənə çox uğur gətirib. Bu teatrın ayağı mənim üçün düşərli olub. Bu teatrda yarımı tapdım. Opera və Balet Teatrının ayrı, Musiqili Teatrın isə tamam ayrı dəst-xətti, yolu var. Musiqili Teatra dönüşüm düşərli oldu, festivallara dəvət aldım. Musiqili Teatrda Faiq Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana” tamaşasında Gülnaz, Rauf Hacıyevin "Talelər qovuşanda” komediyasında isə Nərgiz rolunda çıxış edirəm. Yeni bir obraz üzərində çalışıram. 
 
 
- Bu gün opera sənətində baş verən yeniliklər birmənalı qarşılanmır. Sizin dünya opera sənətindəki proseslərə münasibətiniz necədir?  
- Ümumi dünya opera sənətindəki yeni nəfəsdən söhbət gedirsə, mən bu tendensiyanı qəbul edirəm. Bu gün opera sənəti öz inkişaf dövrünü yaşayır. Mən bu yeniliyin əleyhinə deyiləm. Hər bir köhnə əsəri yeni şəkildə təqdim etməyin tərəfdarıyam. Opera sənətinə yeni gələn gənc nəsil klassik əsərlərə yeni ruh, yeni nəfəs verir. Burda pis nə var? Opera bu gün də dinlənilir, sevilir. Görün bizim neçə opera ifaçılarımız dünyanı fəth edib. Bu gün opera sənətinə böyük maraq var.
 
 
- Bəzən Opera və Balet Teatrında "Leyli və Məcnun”, "Şah İsmayıl” kimi klassik əsərlərə davamlı olaraq müraciət edilməsini qınayırlar. 
- Opera və Balet Teatrında yeni tamaşaların səhnələşdirilməsi böyük maliyyə tələb edir. Güman edirəm ki, yeni tamaşalar da olacaq. Opera və Balet Teatrı təmir olunduqdan sonra da yeni tamaşalar hazırlanacaq. 
 
 
- Sizi bir ifaçı olaraq yaxşı tanıyırıq. Efirə yaraşan və əsil Azərbaycan xanımını xatırladan simaya maliksiniz. İstərdik, sizi yeni film və seriallarda da görək. 
- Yaxşı bir obraz olsa, niyə də olmasın. Subay olarkən Abbasqulu ağa Bakıxanov haqqında bədii-sənədli filmdə balaca bir rol canlandırmışdım. Həmin obraza hazırlaşmamışdım da. Ancaq o kiçik obraz mənə çox uğur gətirmişdi. Həmin film nümayiş olunduqdan sonra çoxlu film təklifləri aldım.
- Nə üçün qəbul etmədiniz?
- Ailə həyatı qurdum və seçimimi etdim. 
- Həyat yoldaşınız sizin aktrisalıq fəaliyyətinizə icazə vermədi, yoxsa bu sizin öz istəyiniz idi?
- Həyat yoldaşım da incəsənət adamıdır. O, dünyanın müxtəlif ölkələrini gəzir, geniş dünyagörüşünə sahibdir. Tamaşalarda quruluşçu və kostyum rəssamı olaraq çalışır. O mənim bütün dostlarımı və sənət yoldaşlarımı tanıyır. Biz bir-birimizi çox yaxşı başa düşürük. Yoldaşım mənim səhnə fəaliyyətimə heç zaman mane olmayıb. Əksinə, hər zaman deyir ki, sən oxumalısan, səhnəyə çıxmalısan. Ancaq mən ailəmi yerbəyer etməmiş, səhnəyə çıxmaq istəmirdim. Kiçik övladımın 5 yaşı tamam olduqdan sonra səhnəyə geri döndüm. Mənim üçün ailə hər şeydən önəmlidir. İnsan dünyaya bir dəfə gəlibsə, o, həyatda istədiyi kimi yaşamalıdır. Bu mənim seçimimdir. Mən tanınmaq üçün oxumuram. Ona görə oxuyuram ki, oxumağı və incəsənəti sevirəm. Özümü sənətdə sevmirəm, sənəti özümdə sevirəm. Mən özümü rahat hiss etdikdən sonra səhnəyə çıxdım. Əvvəllər elə hiss etdirdim ki, həyatımda nəsə çatmır.
- Həyatınızda çatışmayan o hissə nə idi?
- Mənim ikinci hissəm, yoldaşlarım, ailəm. Tam səmimi deyə bilərəm ki, öz yarımı tapdım. Adi misal çəkim, festivala dəvət alanda, özümdən o qədər də əmin deyildim. Ancaq yoldaşım və qayınanam məni həvəsləndirirdilər ki, sən getməli, oxumalı, səhnəyə çıxmalısan, Azərbaycanı təmsil etməlisən. Mən festivala gedəndə düşünürdüm ki, ailə qayğılarım necə olacaq? Ancaq ailəm mənə dəstək oldu. Doğulduğum ailədə belə görmüşəm və öz ailəmdə də belə davranıram. Güclü olmağa çalışıram və mənim gücüm ailəmdir. Hara gedirəmsə, bilirəm ki, məni evdə ailəm gözləyir. Allah hər kəsə belə ailə qismət etsin. 
- Müsahibələrinizin birində demisiniz ki, həyat yoldaşınız ən birinci sizin səsinizə vurulub.
- Elədir, mən Musiqili Teatrda çalışanda yoldaşım teatrda Oqtay Mirqasımovun çəkdiyi bir filmdə quruluşçu rəssam olaraq çalışırdı. Filmin bir kadrı kulisin arxasında çəkilirdi. Kulisdən səsimi eşitmişdi, özlüyündə demişdi ki, bu səsdə nəsə var. Üzümü görmədən səsimi eşitmişdi və səsimə vurulmuşdu. Deyir ki, üzünü çevirəndə gözümü səndən çəkə bilmədim. Qayınanam da məni Musiqili Teatrda "Milyonçunun dilənçi oğlu” tamaşasında görmüşdü. Onun da məndən xoşu gəlmişdi. 
- Qaynınız Tural Mustafayev rejissordur, qayınananız - tanınmış sənətkarımız Almaz Mustafayeva aktrisadır, həyat yoldaşınız isə tanınmış rəssamdır. Belə bir ailədə yaşamaq necə bir hissdir?
- Biz böyük bir orkestrik (gülürük). Ailəmiz çox möhkəm təməllər üzərində qurulub. Bizim üçün ailə dəyərlərimiz hər şeydən önəmlidir. Bundan gözəl nə var? Adi bir səfərə gedəndə, ailə üzvlərimizin hamısı gəlir, ürək sözlərini deyir, təkliflərini bildirir və böyük ruh yüksəkliyi ilə yola salırlar. Geri dönəndə bunu böyük ruh yüksəkliyi ilə qeyd edirik. İndi səfərdədir, onun yolunu gözləyirik. Tural sanki mənim doğma qardaşımdır. Çox sevinirəm ki, mənim belə yaxınlarım, doğmalarım var. Bu həyatda ailəm, o cümlədən bacım Luiza hər zaman mənə dəstək olub. 
Xəyalə Rəis

“Tanınmaq üçün oxumuram” - Fotolar

“Tanınmaq üçün oxumuram” - Fotolar

“Tanınmaq üçün oxumuram” - Fotolar

“Tanınmaq üçün oxumuram” - Fotolar

“Tanınmaq üçün oxumuram” - Fotolar

“Tanınmaq üçün oxumuram” - Fotolar

“Tanınmaq üçün oxumuram” - Fotolar

“Tanınmaq üçün oxumuram” - Fotolar
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...