Fon yüklənir...
Загрузка...

Enerji təhlükəsizliyi üçün əvəzolunmaz infrastruktur layihəsi

Загрузка...
Enerji təhlükəsizliyi üçün əvəzolunmaz infrastruktur layihəsi

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan müstəqillik illərində bir çox beynəlxalq iqtisadi layihələrə imza atıb. Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi neft strategiyası, eyni zamanda bu strategiyanın prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakıt-Tbilisi-Qars neft-qaz kəmərləri, dəmir yolu layihələri həyata vəsiqə alıb. Məhz Azərbaycanın təşəbbüskarı olduğu bu layihələr ölkəmizin iqtisadi inkişafını təmin edib, vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırıb, heç bir dövlətdən asılı olmadan müstəqil siyasət aparmağımıza səbəb olub. Bu siyasi kursun davamı olaraq, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin də əsas iştirakçılarından biridir. Məlumat üçün bildirək ki, Cənub Qaz Dəhlizi təxminən 40 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulan, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan nəhəng layihədir. Cənub Qaz Dəhlizi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazı 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya çatdıracaq. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Boru kəmərləri sisteminin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün də prioritet enerji layihələrindəndir. Layihə Türkiyə ilə Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır və onun reallaşdırılması prosesi həlledici mərhələyə daxil olub.
Xatırladaq ki, 2014-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirilib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan "Cənub Qaz Dəhlizi”nin seqmentlərini "Şahdəniz-2”, "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və "Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 29 oktyabr tarixli sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Habelə ölkə başçısının 2014-cü il 25 fevral tarixli sərəncamına əsasən, səhmlərinin 51 faizi dövlət mülkiyyətində - İqtisadiyyat Nazirliyi, 49 faizi SOCAR-a məxsus "Cənub Qaz Dəhlizi” QSC (CQD) təsis edilib. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Bu layihə ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstan arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib.
Sözügedən mərasimdə iştirak edən Prezident İlham Əliyev Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələrin aparıldığını, bir çox tədbirlər keçirildiyini diqqətə çatdırıb. Təəssüflə bildirib ki, həmin tədbirlərin heç bir nəticəsi olmayıb. Dövlət başçısının sözlərinə görə, belə olan halda Türkiyə və Azərbaycan qərara gəlib ki, birlikdə TANAP adlı yeni bir layihə irəli sürülsün: "TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq biz bunu çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilmişdir. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. "Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın”.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyi layihəsi olduğunu xüsusilə vurğulayıb. Bildirib ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir: "Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır – enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. Cənub Qaz Dəhlizi həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir. Bu böyük işlərin icrasında SOCAR, BOTAŞ və BP şirkətləri iştirak ediblər, onlar TANAP-ın səhmdarlarıdır. Mən onlara öz təşəkkürümü bildirmək istəyirəm. Bu işlərdə iştirak etmiş bütün şirkətlərə təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu böyük işi yüksək keyfiyyətlə və qısa müddət ərzində görə bildilər. Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun”.
Prezidentin nitqindən də göründüyü kimi, bu layihənin reallaşmasında Azərbaycan və Türkiyə dövlət başçılarının təşəbbüskarlığı, cəsarət və siyasi iradə nümayiş etdirmələri xüsusi rol oynayıb. Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyi nəticəsində təkcə bu ölkələrin deyil, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addım atılıb: "Bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində olmuşdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı bu layihə kağız üzərində qala bilərdi. Əlbəttə, bir daha demək istəyirəm, Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır”.
Sonda onu da əlavə edək ki, beynəlxalq səviyyəli ekspertlər də TANAP-ı təbii qazın "Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malik layihə kimi dəyərləndirirlər. İqtisadçılar hesab edirlər ki,  Cənub Qaz Dəhlizi layihəsinin icrası müddətində ümumilikdə 30 minədək yeni iş yeri yaradılacaq. Həmin iş yerlərinin 10 mini məhz Azərbaycanda açılacaq. Layihənin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək. Ən əsası, Azərbaycan beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevriləcək. Hansı ki, mənbəyini məhz "Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib. Təbii ki, layihənin nəzərdə tutulan səviyyədə reallaşması Azərbaycanın beynəlxalq aləmdə siyasi çəkisini kifayət qədər artıracaq. Bu isə beynəlxalq aləmdə həllinə bir çox hallarda ikili standartlar prizmasından yanaşılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, ədalətli həlli üçün son dərəcə önəmlidir.
 
Rufik İSMAYILOV
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...