Fon yüklənir...

Ermənistanı iğtişaşlar bürüdü, paytaxt iflic oldu

Ermənistanı iğtişaşlar bürüdü, paytaxt iflic oldu

Serj Sarkisyanın baş nazirliyinə qarşı erməni müxalifətinin başlatdığı etirazlar səngimək bilmir. Dünən səhər tezdən Yerevanın mərkəzi küçələri tam iflic olub. Əvvəlcə Serj Sarkisyanın baş nazir seçilərək hakimiyyətə qayıtmasına qarşı etiraz edənlər yolların ortasında oturub, sonra isə əl-ələ verib nəqliyyatın hərəkətini dayandırıblar. Yüzlərlə tələbə etiraz aksiyalarına qatılıb. Onlar tələbə yoldaşlarını tətilə qoşulmağa çağırıblar. Tələbələr canlı hasar yaradaraq, küçələri bağlayıblar. Bəzi sərnişin və sürücülər narazılıq edib, lakin çoxu  avtomobillərindən düşüb etirazçılara qoşulublar. Təşkilatçılar sürücü və sərnişinlərdən üzr istəyiblər, onları dözümlü olmağa çağırıblar. "Müvəqqəti narahatlığa görə dözümlü olmağı xahiş edirik. Bu, daha böyük narahatlıqdan - Serj Sarkisyan mafiyasının hakimiyyətə qayıtmasından - xilas olmaq üçün atılan məcburi addımdır”, - hərəkata rəhbərlik edən müxalif millət vəkili Nikol Paşinyan səsucaldanla elan edib və tərəfdarlarını narazılıq izhar edən digər sakinlərlə mübahisəyə girməməyə çağırıb. Bəzi yerlərdə polis güclə yolları açmağa uğursuz cəhdlər edib.
Yeri gəlmişkən, Ermənistan paytaxtında başlayan kütləvi vətəndaş itaətsizlik tədbirlərinin planını millət vəkili Nikol Paşinyan bazar günü axşam elan edib. Şənbə günü hakim partiyanın İdarə Heyəti aprelin 9-da ikinci prezidentlik müddəti başa çatan Serj Sarkisyanın namizədliyini baş nazir vəzifəsinə təqdim edib. Yeni, 2015-ci il Konstitusiyasına əsasən, baş nazirin namizədliyini səs çoxluğu ilə Milli Məclis təsdiq etməlidir. Hazırda hakim partiya öz koalisiya müttəfiqi Daşnaksutyun Erməni İnqilabi Federasiyası fraksiyası ilə parlamentdə kifayət qədər səsə malikdir. "Mən millət vəkiliyəm. Həbs etmək üçün məni parlamentə aparmalıdırlar və parlament mənim deputat toxunulmazlığımı ləğv etmək barədə qərar qəbul etməlidir. Mən parlament tribunasından çıxış edib, gələcək hərəkətlər planımızı deyərəm”, - Paşinyan deyib. Paşinyan həmçinin hakim Respublika Partiyasının liderlərinin evlərinin mühasirəyə alınması məsələsinin də gündəmdə olduğunu açıqlayıb. Müxalif lider həmçinin aksiyaların daha da genişlənəcəyi və tezliklə körpülər və metro stansiyalarının tutulacağını xəbəri verib. "Nyus.am” saytı Paşinyanın tərəfdarlarının "Yertisardakan” metro stansiyasının fəaliyyətinə mane olmaq cəhdinə polisin imkan vermədiyini bildirib. Polis insidentin qarşısını alan zaman etirazçılara güc tətbiq edib.
Mitinqdə "Asparez” jurnalistlər birliyinin sədri Levon Barseqyan hamını Fransa meydanına səsləyib və "Sarkisyanı yola salmağa” çağırıb. O, parlamentdə təmsil olunan partiyaları, o cümlədən hakim Respublikaçılar Partiyasından olan millət vəkillərini meydana gəlməyə, "xalqa qoşulmağa” çağırıb. Aksiya təşkilatçıları bildiriblər ki, cəmiyyəti səfərbər edəcəklər və prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə sahiblənərək yenidən ölkəni idarə etməsinə imkan verməyəcəklər. Onlar şübhələnirlər ki, ölkə konstitusiyası məqsədli şəkildə dəyişdirilib, prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçidin arxasında məkrli plan dayanır, məqsəd ikinci prezidentlik dövrü başa çatan və 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürməyə hüququ çatmayan Serj Sarkisyana öz hakimiyyətini sürdürmək şansı verməkdir. Onlar bunu "Sarkisyanın 3-cü prezidentlik müddəti” adlandırırlar.
Şənbə günü "Daşnaksutyun” partiyası da Sarkisyanın baş nazirliyə namizədliyini dəstəklədiyini bildirib. "Daşnaksutyun” hakim partiyanın qurduğu koalisiya hökumətində təmsil olunur.
Son məlumatlara görə, Ermənistanın hakim Respublika Partiyası və "Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb. İclas cəmi 5 dəqiqə çəkib. Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə bu gün parlamentdə keçiriləcək.
O da qeyd edilib ki, hazırda Yerevanın mərkəzində aksiya genişlənməkdədir. Müxalifətin böyük etirazları Serj Sarkisyan və komandasında narahatlıqlar yaratmağa başlayıb. Belə ki, Sarkisyan artıq müxalifətlə toqquşmadan yayınmaq üçün partiyasının iclasını Yerevanda keçirməkdən imtina edib. O, iclas üçün əsas qərargah kimi Yerevanın 50 kilometrliyində yerləşən Tsaxkadzor şəhərini seçib.
İctimai Radionun binasını ələ keçirən Paşinyan xalqa müraciət etmək istəsə də, binanın işıqları kəsilib. O isə aksiyada iştirak edən media nümayəndələrinin texniki dəstəyi ilə müraciətini gerçəkləşdirə bilib. Nikol Paşinyan xalqı Serj Sarkisyana qarşı mübarizəyə səsləyib. "Əgər Ermənistan parlamentindən kənarda iclas baş tutsa, biz Yerevanı öz nəzarətimizə alacağıq”, - deyə jurnalistlərə açıqlamasında Nikol Paşinyan deyib. "Yerevan həqiqətən Ermənistan respublikasının vətəndaşlarının paytaxtı olacaq. Biz hər şeyi bloklayacağıq”, – deyə o bildirib. Müxalifətin Yerevanda başladığı etiraz aksiyası zamanı Abovyan, Moskovyan, Saryan küçərləri qismən bağlanıb. Etirazçılar həmçinin Maştots, Baqramyan prospektlərində hərəkəti tam dayandırıblar. Etirazçılara erməni aktyor Hayk Marutyan da qoşulub. Etirazçılar Yerevan Pedaqoji Universitetinə də daxil olublar, onlara müqavimət göstərmək istəyən tələbələrin cəhdləri uğursuz alınıb. Bundan sonra etirazçılar müxtəlif mərtəbələr və binalarda özlərinə yer etməyi bacarıblar. Paşinyan öz tərəfdarlarına müraciət edərək, onları gücdən və düşünülməmiş addımlardan çəkinməyə çağırıb. Paşinyan həmçinin universitetin müxtəlif mərtəbələrinə çıxaraq, tələbələri onlara qoşulmağa səsləyib.
Etirazçılar Yerevan Dövlət Təməl Tibb Kollecinə də daxil olublar. Belə ki, Koryun küçəsində hərəkət edən etirazçılar kollecin qapısının qapalı olduğunu görüblər. Etirazçılar qapıları zorla açıblar. Bundan sonra Paşinyan tələbələrə müraciət edərək, "siz qul deyilsiniz ki, qapıları üzünüzə bağlasınlar” deyib. Deputat tələbələrin onlara qoşulmasını istəyib. Aksiyanı dağıtmaq istəyən polislə etirazçılar arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib. Erməni KİV-ləri yaralanan gənclərdən birinin görüntülərini yayıb. Jurnalistlərin bildirdiyinə görə, həmin şəxs eşitmə qabiliyyətini və huşunu itirib. Bundan əlavə, gözyaşardıcı qaz bir çox sakinin səhhətinin pisləşməsinə səbəb olub. Geratsi və Koryuna küçələrində də polislə toqquşma yaşanıb. Polis aksiya iştirakçılarını uzaqlaşdırmaq üçün zor tətbiq edib. Ancaq onlar istəklərinə nail ola bilməyiblər. Etiraz aksiyalarının təşkilatçı, müxalif deputat Nikol Paşinyanın da yaralandığı bildirilir. Məlumata görə, onu "Nairi" tibb mərkəzinə aparıblar.
Paşinyan toqquşmalar zamanı ağır xəsarət alıb. Jurnalistlər onun qulaq nahiyəsindən qan axdığını görüblər. Paşinyanı müşayiət edən şəxslərdən biri də polis tərəfindən döyülüb. Mətbuatın iddiasına görə, Serj Sarkisyan baş nazir seçilməzdən əvvəl Avropa İttifaqı ilə münasibətləri korlamaq, üstəlik, Qərbin təzyiqindən uzaq durmaq üçün hələlik etirazçılara güc tətbiq etməkdən yayınır. Sarkisyan həmçinin yeni baş nazirlik dönəminin 2008-ci ildə - I prezidentlik dönəmindəki kimi qırğınlarla başlanmasını istəmir. Hamisi Rusiyanın beynəlxalq aləmdə təcrid edildiyini anlayan Sarkisyan, bu dəfəki zorakılıq zamanı Qərbə qarşı çarəsiz vəziyyətdə qalacağını anlayır.
Ən son məlumatlara görə, Yerevanda polislə nümayişçilər arasında baş verən toqquşma zamanı 22 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. TASS xəbər verir ki, yaralananlardan 3-ü polisdir.
"Nairi” tibb mərkəzindən bildirilib ki, polislərdən birinin vəziyyəti ağırdır və hazırda əməliyyatdadır. Digər xəsarət alanların vəziyyəti isə yüngüldür və bu gün xəstəxanalardan buraxılacaqlar. Xəsarət alan nümayişçilərin lideri Nikol Paşinyan ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb. N.Paşinyan xəstəxanada jurnalistlərə açıqlama verərək bütün Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb: ""Mən gözümdən və əlimdən yaralandım. Böyük ehtimal ki, tikanlı məftilləri keçmək istəyərkən səs qumbarasının partlaması nəticəsində xəsarət almışam. Lakin mübarizə davam edir”.
Paşinyan yenidən etirazçılara qoşulacağını bildirib.
Qeyd edək ki,  bu gün parlamentdə Serj Sarkisyanın baş nazir postuna təsdiqlənməsi ilə bağlı səsvermə keçiriləcək.
 
Azər



Ermənistanı iğtişaşlar bürüdü, paytaxt iflic oldu

Ermənistanı iğtişaşlar bürüdü, paytaxt iflic oldu

Ermənistanı iğtişaşlar bürüdü, paytaxt iflic oldu

Ermənistanı iğtişaşlar bürüdü, paytaxt iflic oldu

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam