Fon yüklənir...
Загрузка...

“Qoy həmişə bayram olsun!” - Fotolar

Загрузка...
“Qoy həmişə bayram olsun!” - Fotolar

Onlar oxuyurlar, şənlənirlər, danışıb-gülürlər, oynayırlar... Onlara baş çəkməyə gələnlərlə sevinclərini bölüşürlər. Belə günlər isə onların həyatında hər gün olmur.
Türkan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbində Təhsil Nazirliyinin təşkil etdiyi Novruz bayramı tədbiri uşaqların adi günlərinə rəng qatdı. İnternat məktəbdə əsasən nitqi qüsurlu uşaqlar təhsil alır. Bəziləri natamam ailələrin övladlarıdır. Bəzilərinin atası-anası, bəzilərinin valideynlərindən biri var, bəziləri isə qohumlarının himayəsində yaşayır. Onları bir dam altında birləşdirən isə internat məktəbin maraqlı həyatıdır. Məktəbin divarlarını bəzəyən rəsm əsərləri, şagirdlərin müxtəlif fənlər üzrə qazandığı diplomlar, foyedə düzənlənən əl işləri şagirdlərin istedad və qabiliyyətindən xəbər verir. 
İnternat məktəbin Novruz şənliyi bütün müəllim və şagird kollektivini bir araya gətirib. Milli paltar geyinən oğlan və qızların rəqsləri bir-birini əvəz edir. Bir-birindən şirin xalq mahnılarımız elə şagirdlərin ifasında səslənir. Məktəbin dram dərnəyinin üzvlərinin iştirakı ilə «Keçəlin saqqalı və Kosanın saçı» adlı tamaşa isə uşaqların xüsusi yaradıcılıq qabiliyyətinə malik olduğunu ortaya çıxarır. Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər, Kosa və Keçəlin məzəli zarafatları internata, bura toplaşanlara baharın təravətini bəxş edir.
1979-cu ildə yaranan internat məktəb 2005-ci ildən ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. 2014-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan internat məktəb müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Hazırda müəssisədə 154 şagird təhsil alır, onlardan 69 nəfəri burada gecələyir. Uşaqların təlim-tərbiyəsi ilə 60 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
İnternat məktəb 2016-2017-ci tədris ilindən «Sağlam təhsil-sağlam millət» layihəsinə cəlb edilib.
Məktəbin baş tərbiyəçisi Təranə Hüseynova bizimlə söhbətində internatda uşaqlara yüksək səviyyədə qayğı göstərildiyini bildirdi: «Heydər Əliyev Fondu məktəbə yardım göstərir. Təhsil Nazirliyi tərəfindən də məktəb tam təmin olunub. Uşaqlar müxtəlif tədbirlərdə iştirak edirlər. Tətillərdə onları ekskursiyalara çıxarırıq. Uşaqların əyləncələri təmin olunur”.
"İnternat məktəbdə demək olar ki, respublikanın bütün bölgələrindən olan uşaqlar var” - deyə  direktor müavini Kərim Dadaşov məlumat verdi: "İnternatın 220 şagird tutumu var. Gələcəkdə uşaqların sayını daha da artırmaq nəzərdə tutulur”. Şagirdlər internatda 1-ci sinifdən 9-cu sinfə qədər təhsil alırlar: "6 yaşından uşaqları məktəbə qəbul edirik. Gələcəkdə məktəbəqədər hazırlıq qrupları açmaq və reabilitasiya ilə bağlı məktəbi genişləndirmək fikrindəyik. Eyni zamanda, uşaqlara günü uzadılmış qruplarda təhsil verməyi də düşünürük. Məktəbdə uşaqlarla fərdi məşğul olunur. Reabilitasiya mərkəzi kimi ayrıca kabinetimiz də var».
Direktor müavini gələcəkdə eşitmə və görmə qabiliyyəti pis olan uşaqların da reabilitasiya mərkəzinə cəlb olunacağını bildirdi: "İnternatın loqopedləri, psixolorları və müəllim kollektivi uşaqların təlim-tərbiyəsi ilə ciddi məşğul olur. Ümumtəhsil fənlərindən əlavə, şagirdlərə fərdi məşğələlər keçirilir. Uşaqlar 9-cu sinfi demək olar ki, nitqi tam bərpa olunmuş şəkildə bitirirlər». K.Dadaşovun dediyinə görə, məktəbin 9-cu sinfini bitirən şagirdləri arasında uğur qazananlar, hətta kolleclərə, ali məktəblərə qəbul olunanlar da var. Belə ki, keçən il internatın şagirdlərindən biri 630 balla ali məktəbə daxil olub.
İnternat məktəbdə «Xalçaçılıq texnologiyası» fənni tədris edilir. Şagirdlər ümumi təhsil almaqla yanaşı, xalçaçılıq sənətinə də yiyələnirlər. Təhsil müəssisəsində şahmat dərnəyi də fəaliyyət göstərir. Məktəbin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir. İnternat məktəbdə toxuculuq, rəsm, musiqi, dulusçuluq, dekorativ sənət dərnəkləri də fəaliyyət göstərir: "Məktəbin rəqs və musiqi qrupu internatda keçirilən tədbirlərdə yaxından iştirak edir. Şagirdlər fənn olimpiadalarında fərqlənərək respublika turlarında iştirak edirlər. Təhsildə fərqlənən uşaqlar çoxdur”. Direktor müavininin bildirdiyinə görə, internatda valideyn himayəsindən məhrum olan uşaq yoxdur: "Bəziləri valideynlərindən birini itirib. Ola bilər ki, qəyyumluqda olan uşaq da olsun. Valideynlər uşaqlarına baş çəkməyə gəlirlər. Uşaqların bəziləri axşamlar evlərinə gedirlər. Biz uşaqların maksimum valideynləri ilə görüşməsinə çalışırıq. Çünki onları nə qədər tərbiyə etsək və məhəbbət göstərsək də, valideyni əvəz edə bilmərik”.
Məktəbin psixoloqu Günay Bayramova internat məktəbdə oxuyanların əksəriyyətinin natamam ailələrin uşaqları olduğunu söylədi: "Uşaqların çoxunun ailələrində problemlər var. Bu baxımdan, onlarda müəyyən komplekslər yaranır. İnternata yeni gələndə, adaptasiya problemi yaşayırlar. Biz bütün vasitələrlə onlara kömək etməyə çalışırıq. Valideyn sevgisini tam verə bilməsək də, maksimum diqqət və şəfqət göstərməyə çalışırıq. Uşaqlarla tez-tez fərdi qaydada söhbətlər aparırıq. Həm korreksiyaedici iş görürük, həm də konsultasiyalar olur. Aqressiv uşaqları ictimai işlərə cəlb etməyə çalışırıq, onlara yaşamaq məsuliyyətini dərk etdiririk”. Psixoloq şagirdlərin arzularından da söz açdı: "Onlar daha çox gələcəkdə hansı ixtisası seçmək istədiklərindən danışırlar. Maraqlıdır ki, çoxu hərbçi olmaq istəyir. Bəzilərinin arzusu hansısa bir ölkəyə getməkdir. Ən böyük arzuları isə bütöv ailədir. Natamam ailədən olan uşaqlar «ailəmiz tam olsun» deyirlər”.
İnternatın şagirdləri ilə söhbətimizdə biz də onların arzularını eşitdik. Seymur Əliyev (adı şərtidir) Türkan qəsəbəsindəndir. Beşinci sinifdə oxuyur. Rəqs, rəsm, ingilis dili fənlərinə maraq göstərir. Məktəbi qurtaranda həkim olmaq istəyir. «İstəyirəm insanlara kömək edim, onları sağaldım”.
9-cu sinif şagirdi Mehdi Süleymanov isə Biləsuvar rayonundandır. İnternatdan ayrılandan sonra orta təhsilini davam etdirmək və kollecə daxil olmaq istəyir. Arzusu bizneslə məşğul olmaqdır. Deyir ki, rayona - anasına baş çəkmək üçün hər şənbə evlərinə gedir: "Atam bizi atıb gedib. Anam da xəstədir. Hər həftə ona baş çəkməyə gedirəm. Arzum ali məktəbi bitirmək və işləyərək anama kömək etməkdir”.  
9-cu sinif şagirdi İmran Quliyev Şabran rayonundandır. Tətildən-tətilə rayona getdiyini deyir.  İnternatda təhsilini başa vurduqdan sonra rabitəçi olmaq istəyir.
8-ci sinif şagirdi Gülnarə Hüseynovanın ən böyük arzusu Bakı Dövlət Universitetinə daxil olmaqdır: "Dərslərimi yaxşı oxumağa çalışıram. Arzum jurnalist olmaqdır”.
Şagirdlər yazın gəlişinə sevinirlər. Onların arzuları da bahar qədər unudulmazdır: "Novruz bayramını çox sevirik. Çünki bu bayramda hamının üzü gülür. Biz də həmişə sevinmək, həmişə rəqs etmək, mahnı oxumaq istəyirik. Qoy həmişə bayram olsun”.
Təranə Məhərrəmova







“Qoy həmişə bayram olsun!” - Fotolar

“Qoy həmişə bayram olsun!” - Fotolar

“Qoy həmişə bayram olsun!” - Fotolar

“Qoy həmişə bayram olsun!” - Fotolar

“Qoy həmişə bayram olsun!” - Fotolar

“Qoy həmişə bayram olsun!” - Fotolar

“Qoy həmişə bayram olsun!” - Fotolar

“Qoy həmişə bayram olsun!” - Fotolar

“Qoy həmişə bayram olsun!” - Fotolar
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...