Fon yüklənir...
Загрузка...

ABŞ nəşri: Dünyanın unuda bilməyəcəyi qətliam

Загрузка...
ABŞ nəşri: Dünyanın unuda bilməyəcəyi qətliam

THE DAILY CALLER, ABŞ
26.02.2018 

Müəllif: Raul Loueri Kontreras

Bu gün internet sayəsində 5-10 il əvvəl bixəbər olduğumuz qətliamlar haqda məlumat əldə edə bilirik. Bir neçə misal göstərə bilərəm: CNN-nin məlumatına görə, 2017-ci ilin noyabrında silahlı şəxslər Misirdə yerləşən, sufilərə aid olan Ər-Rauda məscidinə hücum edib. Nəticədə 128 qadın, 27 uşaq daxil olmaqla, 300 dindar öldürülüb. ABŞ nəşri olan ABC xəbər verib ki, 2017-ci ilin sentyabrında Myanma həbçilərinin bu ölkənin Çut Pyin kəndinə hücumu zamanı 100 kişi, qadın və uşaq həlak olub. "The İndependent” nəşrinin məlumatına görə isə hazırkı Myanma rəhbəri Nobel Sülh mükafatına layiq görülüb, lakin onun hərbçiləri 400-dən çox Rohinca müsəlmanlarını qətlə yetirib.
Biz bu qətliamlar haqda internet vasitəsilə anında məlumat əldə edə bilirik. Lakin 25 il əvvəl belə deyildi. 1992-ci il fevralın 26-na keçən gecə erməni qoşunları Sovet İttifaqının 366-cı motoatıcı alayın köməyilə Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərinə hücum edib. 3000 əhalisi olan şəhəri yüzlərlə polis və yeniyetmə könüllü müdafiə edirdi.
Erməni qoşunları şəhəri hər gün artilleriya atəşinə tuturdu. Xocalıda faciə baş verənədək 5 ay şəhər Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdü. O, tam blokada şəraitində idi. Xocalıya heç bir nəqliyyat vasitəsi girə və ya oradan çıxa bilmirdi. Şəhərə yalnız helikopterlər vasitəsilə ərzaq aparmaq mümkün idi. 1992-ci il fevralın 14-dən isə uçuşlar da dayandırılmışdı. Şəhərin ərzaq ehtiyatı az idi...
Xocalı şəhəri bombardman edildiyindən insanlar zirzəmilərdə yaşayırdı. Nəhaytə, erməni və rus hərbçiləri şəhərə hücuma başlayır. Şəhəri müdafiə edənlər tanklara qarşı döyüşə bilməyəcəklərini anlayırdı. Bu səbəbdən əhaliyə Xocalını şərq tərəfdən tərk etmək, daha güclü müdafiə olunan Ağdama getmək tapşırılmışdı. Nəticədə kişilər, qadınlar və uşaqlar şaxtalı havada Qarqar çayının keçdiyi qarlı təpələrlə şəhəri tərk etməyə başlamışdı. Onlar gecə boyu büdrəyə-büdrəyə, böyük çətinliklə təhlükəsiz bölgəyə doğru gedirdilər. Qocalar onları daha da ləngidirdi...
Ermənistan bu günədək iddia edir ki, guya Xocalı sakinlərinin şəhəri tərk etməsi üçün onlara "təhlükəsiz keçid” verilibmiş. Halbuki, 1992-ci il 26-na keçən gecə məhz bu "təhlükəsiz dəhliz”də 613 kişi, qadın və uşaq pulemyot, tüfəng, bıçaq və süngü ilə qətlə yetirilib. Şübhəsiz ki, qətliamı törədənlər ermənilər idi. Sübut: erməlilər yüzlərlə azərbaycanlını bir neçə həftə ərzində girov saxlayıb, sonradan azərbaycanlı girovları neft və digər məhsullarla dəyişməyə başlayıb.
Qətliamdan bir neçə saat sonra amerikalı jurnalist Tomas Qolts helikopterlə faciənin baş verdiyi yerə gedib və orada hər yana mülki insan cəsədlərinin səpələndiyini görüb. O, bu haqda Ağdam şəhərindən telefon vasitəsilə "Washington Post” nəşrinin Moskva bürosuna məlumat verib. T.Qoltsun faciə haqqında məqaləsi "Washington Post” qəzetinin 1992-ci il 27 fevral tarixli buraxılışında dərc olunub. Bundan sonra Londonun "Sunday Times” nəşrində də bu haqda məqalə çıxıb. 1992-ci il martın 2-də isə ABŞ-ın "New York Times” qəzetində Xocalı qətliamı haqda məqalə dərc olunub. Bu məqalədə rusların bu qətliamda iştirakı, o cümlədən T.Qoltsun və başqa jurnalistlərin baş dərisi soyulmuş insan cəsədləri gördükləri haqda məlumat yer alıb. 1992-ci il martın 16-da "Time” jurnalı da Xocalı qətliamı haqda məqalə dərc edib.
1948-ci ildə qəbul olunmuş Soyqırım haqqında Konvensiyaya əsasən, Xocalı qətliamı məhz soyqırım aktıdır. Lakin "Washington Post” (2 məqalə), "New York Times” (1 məqalə), "Sunday Times” (1 məqalə), "Time” (1 məqalə) nəşirlərində Xocalı qətliamı haqda məlumat verilsə də, ABŞ-da bu haqda çox az insan məlumatlıdır.
Ermənilər bu gün də özlərini təmizə çıxamağa çalışır. Hətta "Horizon Weekly” nəşrində Vahram Atanesyanın "Xocalı: indiyədək görünməmiş təhrif və saxtakarlığın xronikası” başlıqlı məqaləsi dərc olunub. Çox güman ki, müəllif Xocalı soyqırımından sağ çıxa bilmiş insanlarla danışmayıb. O, T.Qoltsun gördüyü faktları rədd edir.
Lakin T.Qoltsun "Azərbaycan gündəliyi” adlı kitabında yer almış faktları Cənubi Qafqaz üzrə ekspert  Tomas de Vaalın "Qara bağ” adlı kitabı təsdiqləyir. "Time” jurnalı "Qara bağ”ı "möhtəşəm kitab” kimi xarakterizə edib.
T.Qolts qətliamdan bir gün sonra faciənin baş verdiyi yerdə olub. O, Xocalıya hücumdan qabaq bu şəhərə səfər etmiş yeganə amerikalı jurnalistdir. T.Qolts öldürülmüş insanların bəzilərini şəxsən tanıyırdı. Tomas de Vaal isə bu faciə haqda hadisədən 10 il sonra yazıb. O, Atanesyan və digər erməni müəlliflərdən fərqli olaraq, Xocalı soyqırımından sağ çıxmış insanlarla danışıb.
Ermənilərin mövqeyi sağlam düşüncəyə əsaslanmır və onlar bu qətliamın araşdırılmasında əməkdaşlıq etmək istəmir. Kristofer Atamiyan və Hayakaram Nahapetyan 2017-ci ilin martında "Huffington Post” nəşrində dərc olunmuş məqalələrində iddia edirlər ki, Azərbaycan Xalq Cəbhəsinin üzvləri – həmin dövrdə hakimiyyətə müxalif olan qüvvə – siyasi mübarizədən qalib çıxmaq üçün Xocalı əhalisini özləri qətlə yetirib. Lakin T.Qolts, T.de Vaal, Ermənistan prezidenti Serj Sarqsyan və "Human Rights Watch” təşkilatı bu mövqe ilə razı deyillər.
Hətta ABŞ-ın Kaliforniya ştatında anadan olmuş, terrorçu, qatil və Ermənistanın milli qəhrəmanı olan Monte Melkonyanın qardaşı Markar Melkonyan belə, yuxarıda qeyd olunan iki erməni müəllifin fikirlərini bölüşmür. O, "Qardaşımın yolu: Bir amerikalının Ermənistana həlledici səfəri” kitabında yazır: "Strateji əhəmiyyətə malik olan Xocalı şəhərində baş verənlər qisas idi”.
M.Melkonyan bu kitabda "Arabo” və "Aramo” hərbi birləşmələrinin adını çəkir (213-cü səhifə). O qeyd edir ki, "Arabo” döyüşçüləri uzun zaman gəzdirdikləri bıçaqları Xocalıda çıxardaraq insanları öldürməyə başlayıb: "Həmin vaxt yalnız quru otların üzərindən axıb gələn küləyin səsi eşidilirdi. Küləyin meyitlərdən gələn üfunəti aparması üçün çox tez idi. Monte qırılmış kuklalar kimi səpələnmiş qadın və qız meyitlərinin üzərindən keçərək gəzirdi”.
Ermənistanın hazırkı prezidenti Serj Sarqsyan da həmin dövrdə baş verənləri təsvir edib. T.de Vaalın "Qara bağ” kitabında (172-ci səhifə) S.Sarqsyanın Xocalı qətliamı haqda fikirlərinə yer verilib: "Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu stereotipi aradan qaldıra bildik. Və bu baş verdi”.
T.de Vaalın bu haqda şərhi (172-ci səhifə): "Sarqsyanın mövqeyi Qarabağ müharibəsi zamanı baş vermiş ən dəhşətli qətliama işıq salır. O, bilərəkdən həyata keçirilmiş kütləvi qətliamın qorxu vasitəsi kimi istifadə oluna biləcəyinə eyham vurur”.
Ermənilər bu qətliamı "Xocalı uğrunda döyüş” və ya "Xocalı hadisələri” adlandırır. "Human Rights Watch” təşkilatının da bu haqda mövqeyi var: "...biz mülki əhalinin qətlə yetirilməsində məsuliyyəti birbaşa Qarabağdakı erməni silahlı dəstələrinin üzərinə qoyuruq... Görünən odur ki, erməni qoşunları və MDB-nin 366-cı alayının bölmələri Xocalıda qətliam törədib”.
Beləliklə, 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində hərbi cinayət baş verib. Nəticədə 600-dən çox kişi, qadın və uşaq öldürülüb, yüzlərlə insan hələ də itkin düşmüş hesab olunur.
Artıq bunu internet sayəsində amerikalılar da bilir.
 
İngilis dilindən tərcümə - WorldMedia.Az
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...