Fon yüklənir...
Загрузка...

Fitodizayn və tibb

Загрузка...
Fitodizayn və tibb

Son illər yoluxucu xəstəliklərin, o cümlədən xəstəxanadaxili infeksiyaların artması heç kəsə sirr deyil. Yoluxucu xəstəliklərin ümumi patologiyaların 50-60 faizini təşkil etdiyini nəzərə alsaq, onda mikroorqanizmlərin yayılmasının nə dərəcədə təhlükəli hal olduğunu təsəvvür etmək çətin olmaz.

AZƏRTAC xəbər verir ki, aparılan tədqiqatlar müalicə müəssisələrinin havasında patogen stafilokokların tez-tez aşkarlandığını göstərir və bu, stafilokok mənşəli xəstəxanadaxili infeksiyaların hava yolu ilə yayılmasını təsdiqləyir.

Yoluxma səviyyəsinin çoxalması ilə əlaqədar olaraq uşaq bağçaları, məktəb, poliklinika, xəstəxana kimi müəssisələrdə sağlam mikroekoloji şəraitin yaradılması aktuallıq kəsb edir. Müasir tibb və biologiyada profilaktika aparıcı yerlərdən birini tutur və bütün dünyada bitkilərlə aparılan profilaktik proqramlar getdikcə geniş yayılır. Tibbi fitodizayn yoluxucu xəstəliklərin qarşısının alınması və müəssisələrin sanasiyası üçün bitkilərdən istifadə edilməsini öyrənən elmdir. Fitodizayn elm sahəsi kimi ötən əsrin 70-ci illərində yaranıb və əsasən Ukrayna botaniki və fizioloqu A.M.Qrodzinskinin işlərində öz əksini tapıb. Müalicəvi dərman bitkilərinin uçucu fitoüzvi maddələri havanın şərti-patogen və patogen mikroflorasına antibakterial təsir göstərir.

İnteryerdə tibbi fitodizaynın tətbiqi havanı toz, siqaret tüstüsü və toksiki maddələrdən təmizləyir, patogen bakteriyaların məhvinə səbəb olur. Tibb fitodizaynı üçün nəzərdə tutulan bitkiləri şərti olaraq iki yerə ayırmaq olar: uçucu fitonsid maddələr sintez edənlər və havadakı zərərli maddə və toksiki qazları bir növ aktiv bioloji filtr kimi zərərsizləşdirənlər.

Otaq bitkiləri arasında havanı təmizləmək üçün ən yaxşı vasitələrdən sayılan fikusun yarpaqları formaldehid, benzol, ammonyak kimi zərərli maddələri uda bilir. Bundan əlavə mebel, geyim və əşyalarda olan toz hissəciklərini özünə çəkir. Onu da qeyd etmək lazımdır ki, fikus psixikaya sakitləşdirici və rahatladıcı təsir göstərir.

Faydalı dibçək bitkilərindən biri də ətirşahdır. Arterial təzyiqi normal hala salmaqda onun çox faydalı təsiri var. Ətirşahın qoxusu əsəb gərginliyindən xilas olmağa kömək edir, sakitləşdirir və yuxu gətirir. Ona görə də onu yataq otağına yerləşdirmək tövsiyə olunur. Ətirşahın dibçəyini yerləşdirmək üçün ən yaxşı yerlərdən biri də mətbəxdir, çünki onun yarpaqlarında qoxunu udmaq xüsusiyyəti var.

Nisbətən yaxın zamanlarda kaktusun faydaları və otağın atmosferinə müsbət təsiri aşkar edilib. Xüsusən də kompüter və texniki avadanlıqlar olan otaqlarda havanın ionizasiyasını azaltmaq, orqanizmi elektromaqnit şüalanmasından qorumaq üçün bitkinin uzun iynəli növlərindən istifadə olunur. Kompüter, televizor və printerin yanına kaktus bitkisi qoyulması çox faydalıdır.

Palmakimilər fəsiləsindən olan dratsena isə nəinki interyeri bəzəyir, həmçinin havanı linoleum, lak örtüklər, mebel və istilik izolyasiyası materiallarından ayrılan zərərli maddələrdən təmizləyir. Böyük bir otağın havasını dəyişməsi üçün dratsenaya bir sutka bəs edir.

Bundan başqa adaçayı, aukuba, apipremnum, lavanda, ardıc, müxtəlif sitruslar, məkkəgülü və aqlaonema kimi bitkilərin də böyük miqdarda fitonsidlər sintez etdiyi məlumdur.

İnteryerdə tibbi fitodizaynın bir neçə faydası var. Müalicə müəssisələrində yerləşdirilən tropik və subtropik bitkilərin ifraz etdiyi uçucu fitoüzvi maddələr bir sıra təsirlərə malikdir. Onlar havanı patogen və şərti-patogen bakteriyalardan, havanı sənaye-məişət tozu və qazlardan təmizləyir, otaqları təmiz və nəmlənmiş hava ilə təmin edir, səsi azaldır, havanı orqanizmə müsbət təsir edən biogen maddələrlə zənginləşdirir, stressi və sinir gərginliyini azaldan estetik görüntü verir.




Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...