Fon yüklənir...

“Dillə yanaşı ədəbiyyatın dili də dəyişir”

“Dillə yanaşı ədəbiyyatın dili də dəyişir”

Ana dilimizin saflığının qorunması və zənginləşməsi istiqamətində meydana çıxan problemlər sırasında bədii ədəbiyyatın dilindəki qüsurlar da sadalanır. Xüsusən çağdaş dövr ədəbiyyatı və bədii tərcümə sahəsində dil normalarının daha çox pozulduğu qeyd olunur. Bəzi dilçi alimlər isə ədəbiyyatın dilini hansısa normativlərlə çərçivəyə salmağı birmənalı qarşılamırlar. "Müzakirə”mizdə bədii ədəbiyyatda dil məsələsinə aydınlıq gətirməyə çalışdıq. 
Dil zəngin olarsa...
"Bədii ədəbiyyatın dili zəngin olmalıdır, başqa sözlə, düşünürəm ki, dil bədii ədəbiyyatda daha çox zənginləşir və inkişaf edir”- deyən filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun fikrincə, bədii ədəbiyyatda dilin bütün komponentləri bu və ya digər şəkildə təzahür edir. Ona görə də dilin inkişafı, zənginləşməsi ilə bağlı verilən hər bir sərəncam, yaxud fərman onun inkişafına xidmət edir: "Bu mənada dil komissiyasının yaradılması da yerinə düşür. Lakin mən görürəm ki, sosial şəbəkələrdə haqlı, ya haqsız dilin lüğət tərkibi ilə bağlı müəyyən tənqidlər var. Bəziləri yeni sözlərin yaranmasına qarşı çıxırlar. Ola bilsin ki, bəzi sözlər bu gün qulağa xoş gəlməsin, çünki hələ buna adət etməmişik. Ancaq inanıram ki, yeni yaranacaq, yaxud hansısa terminin əvəzinə yaranacaq bir çox sözlər dilimizdə qalacaq və onu inkişaf etdirəcək”. Ədəbyyatşünas alimin sözlərinə görə, bu sahədə Türkiyə türkcəsində müəyyən islahatlar aparılıb: "Bu islahatların türk dilinin zənginləşməsində, xüsusilə termin əvəzi sözlərin yaranmasında rolu böyükdür. Biz də bu sahədə müəyyən işlər görməliyik”. 
Bədii ədəbiyyatın dilinə gəlincə, B.Əhmədli hesab edir ki, zaman-zaman bu dil dəyişir və yeniləşir: "Aydındır ki, bugünkü nəsr dili 60-70-ci illərin nəsr dili deyil. 60-70-ci illərin dili də 20-30-cu illərin dili deyil. Bu dillərin arasındakı fərq yalnız zamanla məhdudlaşmır, ifadə vasitələri və imkanları ilə fərqlənir. İndiki dilin lüğət tərkibi, elastikliyi, bədii-estetik təsir qüvvəsi də bir başqadır. Bu fərqi görmək üçün hər iki dövrün bədii ədəbiyyatını oxumaq mümkündür. Əgər 60-70-ci illərin dili müəyyən mənada qəlibə salınmışdısa, bu gün o qəlib yoxdur. Yeni düşüncə sistemi yazıçıya da yeni dil təklif edir. Yaxud Dostoyevskinin əsərlərinin tərcüməsinə nəzər salaq: 60-cı illərdəki tərcümə ilə bugünkü tərcüməni müqayisə etdikdə, indiki dilin zənginliklərini aydın görmək olar. Nəzərə almaq lazımdır ki, dilin bütün potensialı həm də tərcümədə üzə çıxır, hər bir sözün, ifadənin qarşılığı tapılıb üzə çıxarılır. Doğrudur, burada yazıçı fərdiyyəti də çox şey deyir. Yəni yazıçıdan yazıçıya böyük fərq var. Bəzi yazıçıların dili çox bəsitdir, o dillə böyük mənaları ifadə etmək mümkün deyil. Buna görə də təfəkkürün ifadə vasitəsi olan dili daim itiləmək, zənginləşdirmək, yeni sözlər əlavə etmək lazım gəlir. Bu sözlər həm yeni yaranan sözlər hesabına, həm də dialekt hesabına ola bilər”. 
B.Əhmədov uzun müddət bizdə dialekt sözlərinin işlənilməsinə birmənalı münasibət olmadığını təəssüflə bildirir: "Mən Türkiyənin Qars Kafkaz Universitetində işləyərkən yerli əhali ilə söhbətdə dialektdə işlənən yüzlərlə sözlər eşidirdim. O sözləri mən yalnız uşaq vaxtı kəndimizdə eşitmişdim. Bu sözlər çox enerjili idi, adamı cəlb edirdi. Həm də fikrin aydın, dolğun ifadəsində müəyyən bir rola sahibdir. Əgər biz yazıçıların işlətdiyi sözlərin statistikasını aparmalı olsaq, aydın bir mənzərə ilə rastlaşarıq. Bəzi yazıçıların dilində cəmi 2-3 min söz var. Aydındır ki, bu dillə çağdaş münasibətləri, hadisələri əks etdirən əsər yaratmaq çətindir. Dil zəngin olarsa, ifadə texnikası, fikir genişliyi, fəlsəfiliyi də artmış olar”. Problemi aradan qaldırmağa gəldikdə isə, professor deyir ki, övladlarımıza körpəlikdən bədii əsərlər oxutmalı, onların söz ehtiyatını zənginləşdirməliyik. Söz ehtiyatını zənginləşdirmək üçün isə ən yaxşı vasitə yazıçılarımızın dilinin zəngin olmasıdır: "Televiziyalarımızda jurnalistlərin dilinə fikir versək, çox bəsit olduğunu görərik. Məsələn, türk, rus televiziyalarında jurnalistin dili daha zəngin və çoxtərəflidir. Hər gün biz televiziyaya qulaq asırıq, ancaq burada səslənən dildən nəyi öyrənirik? Demək çətindir...”
Əgər yazıçının öz üslubu varsa...
Yazıçı Elçin Hüseynbəyli hesab edir ki, bədii ədəbiyyatın dili ədəbi dilin normalarına cavab verməlidir. Belə ki, hər bir yazı dilin zənginliyinə xidmət edir: "Söhbət dialoqlarda şivələrdən, dialektlərdən istifadədən gedir. Yazıçının təhkiyəsində də mənsub olduğu regionun  dialektlərindən istifadə olunduğunu müşahidə edirsən. Mənə elə gəlir ki, əgər yazıçının öz üslubu varsa, bu, normaldır. Yox, əgər yazıçının üslubu yoxdursa, heç kəsin başa düşmədiyi dialektdən istifadə etmək doğru deyil”. Yazıçının fikrincə, Azərbaycan yazıçılarından Mövlud Süleymanlı, rus yazıçılarından Andrey Platonov, Vasili Belov bu üsullardan uğurla istifadə ediblər. Eləcə də Rasputinin yaradıcılığında bu üsullara rast gəlmək olar: "Ərəb ölkələri Quranın dilini ədəbi norma kimi götürüblər. Onların əsərlərində də obrazların dilində dialektlərə yer verilir». Dilin redaktə zamanı həm zənginləşdiyini, həm də korlandığını deyən yazıçının fikrincə, xüsusən tərcümə əsərlərinin redaktəsi zamanı bu proses özünü qabarıq göstərir: "İstər televiziya, istər radio, istərsə də bədii əsər olsun, bu prosesi izləmək olur. Xüsusən, publisistikanın dilinə fikir vermək lazımdır. Bəzən stilistika və qrammatikanı qarışdırırlar. Türkiyə türkcəsində işlənən sözləri bizim dilin qrammatikasına uyğunlaşdırmadan verirlər. Məsələn, biz «mən onu görəndə» deyiriksə, onlar «mən onu gördüyümdə» deyirlər və bu, doğru deyil. Düşünürəm ki, biz nə qədər yaxın dil olsaq da, öz dilimizin quruluşu var və onu istifadə etmək, eyni zamanda, qorumaq lazımdır». 
Yazıçı bədii ədəbiyyatın dilinin bərbad olmasının digər bir səbəbini peşəkar redaktora müraciət edilməməsində görür.: "Yazıçı öz əsərini yazır, özü redaktə və korrektə edir, daha sonra nəşriyyata təqdim edir. Nəşriyyat isə onu başdansovdu çap edir. Nəticədə bərbad mətn meydana çıxır. Bu xüsusən bədii tərcümə əsərində özünü göstərir. Təəssüf edirəm ki, bəzən çox nüfuzlu qurumlar belə bu qaydalara əməl etmirlər”. E.Hüseynbəyli keçən əsrin 60-70-ci illər ədəbiyyatı ilə çağdaş ədəbiyyatın dilini müqayisə edərək bu gün bədii ədəbiyyata çoxlu yeni sözlərin əlavə olunduğunu qeyd edir: "Müstəqillik əldə etdikdən sonra siyasi leksikonumuz xeyli dərəcədə zənginləşib. O zaman bədii ədəbiyyatın dili daha yaxşı və oxunaqlı idi. Çünki onların redaktoru yaxşı idi. Redaktor istəsə, yazıçını yazıçı edər. Əlbəttə, söhbət səviyyəli, istedadlı və dünyagörüşü zəngin olan redaktordan gedir”. Yazıçı, həmçinin reklamların dilinin bərbad vəziyyətdə olduğunu bildirir: "Reklam şirkəti peşəkara pul vermək istəmir. Nəticədə məhsulun reklamında çoxlu səhvlər meydana çıxır”.   
 
Bədii ədəbiyyatın dili üçün normativlər
Naşir Rafiq İsmayılov bədii ədəbiyyatın dilinin yaxşı və ya pis olması ilə bağlı fikir yürütməyi birmənalı saymır. Belə ki, redaktorlar, naşirlər, tərcüməçilər var ki, ədəbi dil normalarına uyğun şəkildə yazılar yazırlar. Yazarlar da var ki, onları başa düşmək çətindir: "Bəlkə də ona görə oxucunun çox vaxt onların əsərlərini oxumağa həvəsi olmur. Xüsusən bu, tərcümə ədəbiyyatında özünü göstərir”. 70-80-ci illərdə yaranan tərcümə mərkəzinin peşəkar tərcümə redaktorları olduğunu xatırlayan naşir deyir ki, nə qədər istedadlı yazıçı olsa da, onun əsəri bir neçə dəfə redaktədən keçməli və korrektə olunmalıdır: "Bəzi nəşriyyatlarda əsərə çox diqqət yetirilmir. Problemlər bir çox hallarda söz ehtiyatının azlığı ilə bağlıdır. Tərcümə əsərləri sözbəsöz, hərfi tərcümə edilir. Tərcüməçilər çox vaxt fikri yox, sözü və ya cümləni tərcümə edirlər. Nəticədə o cür əsərlər oxunmur. Bəzi kitablar türk dilində də, Azərbaycan dilində də var. oxucu türk dilində olanı oxumağa üstünlük verir. Yazıçılarımızda bir qədər intellekt azlığı hiss olunur. Əgər əsərin dili oxucunu özünə çəkmirsə, bu, onun üçün maraqlı olmur”. 
Çağdaş əsərlərin daha çox redaktəyə ehtiyacı olduğunu deyən R.İsmayılov, bununla belə, istedadlı yazıçılarımızın olduğunu qeyd edir: "Onların maraqlı üslubları var. Heç kəs yazarın dilini öz istədiyi üsluba sala bilməz. Məsələn, Cəlil Məmmədquluzadə «Eşşəyin itməkliyi» yazanda, bu o demək deyil ki, o, səhv yazıb. Bu, onun üslubu idi. O zaman yazıçının kəndində belə deyirdilər. Bu baxımdan, bədii ədəbiyyatın dilini hansısa normativlərlə çərçivəyə salmaq mübahisəli məsələdir». 
 
Tənqidi yanaşmaq olar
Tənqidçi Tehran Alışanoğlunun fikrincə, bədii ədəbiyyatın dilinə tənqidi şəkildə yanaşmaq olar və bu vacibdir: "Yeni dövr bədii ədəbiyyatın qarşısına yeni vəzifələr qoyur. Nəticədə bədii ədəbiyyat öz bədii üslubunu dəyişməli olur. Elə tendensiyalar yaranır ki, bədii ədəbiyyatın qarşısında duran vəzifələri kifayət qədər ifadə edə bilmir. Azadlıq mühitində inkişaf edən ədəbiyyat həyatın nəfəsini əks etdirmək üçün həyat materiallarından gen-bol istifadə etməyə çalışır. Bu məqamda dilə bir naturalizm gəlir. Bədii ədəbiyyatın öz spesifik siması, üslubu sanki yaddan çıxır. Bu baxımdan, bədii ədəbiyyatı tənqid etməyə dəyər”. 
Tənqidçinin fikrincə, yazıçı günün nəfəsini daha yaxşı çatdırmaq üçün danışıq dilindən bəhrələnsə, həyatın müxtəlif sahələrinə məxsus olan təbii dildən istifadə etsə, daha yaxşı olar: "Sanki ədəbiyyata bir stixiya gəlir. İstər-istəməz, bu stixiya bədii üslub tərəfindən həzm olunmamış bədii dilin yaranmasına gətirib çıxarır. Azərbaycan ədəbiyyatı daim çalışır ki, məhəlli danışıq ədəbi dilə və normalara sirayət etsin. Söyüşlər, vulqarizmlər ədəbiyyatın normalarına daxil olsun. Bu bugünkü ədəbiyyatın azad tələbi kimi başa düşülür. Bu baxımdan, tənqidi yanaşmaq normaldır”. T.Alışanoğlunun fikrincə, stixiya ilə gələn prosesləri geriyə addım kimi qəbul etmək olmaz. Belə ki, onlar zamanın tələbidir. Dil dəyişməlidir, dillə yanaşı ədəbiyyat və ədəbiyyatın dili, poetikası dəyişir: "Gedən proseslər ədəbiyyatın dilinin çoxüslubluluğa doğru dəyişməsinə, yeni ifadə vasitələri axtarılmasına gətirib çıxarır. Tələblər nöqteyi-nəzərindən proseslərə bu cür yanaşmaq lazımdır. Bədii ədəbiyyatın dilinin inkişafındakı pozitiv tendensiyaları üzə çıxarmaq, onları təqdir etmək, ifrat şəkildə olan meyilləri isə tənqid etmək lazımdır». 
Təranə Məhərrəmova

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam