Fon yüklənir...

Rəqsdə çərçivələrin olmasını xoşlamıram

Rəqsdə çərçivələrin olmasını xoşlamıram

Bu günlərdə "DanceAbility" rəqs metodunu ilk dəfə Azərbaycana gətirən Nigar Sultanova ilə görüşdük. Onunla bu rəqs metodunun tarixi, xüsusiyyətləri və Azərbaycanda yayılması barədə söhbətləşdik.
 
- İlk olaraq istərdim ki, bu rəqsin tarixi barədə məlumat verəsiniz.
- Metodun adı "DanceAbility”dir. İlk dəfə 1987-ci ildə ABŞ-da Alito Alessi və Karen Nelson tərəfindən qurulub. Hazırda dünyada bu metodla məşğul olan 500 pedaqoq var.  Mənim üçün sevindiricidir ki, keçmiş MDB ölkələri arasında və Şərqdə ilk müstəqil filial Azərbaycanda açıldı. Müstəqil filiallarımız Azərbaycanla yanaşı, Avstriya, Almaniya, Finlandiya, Honq-Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir. Qeyd etmək istərdim ki bütün filialların missiyası rəqs dərsləri və nümayişləri vasitəsilə cəmiyyətdə olan ayrı-seçkiliyi və əlilliklə bağlı yaranmış yanlış fikirləri aradan qaldırmağa kömək etməkdir. Məqsədimiz rəqs və hərəkət vasitəsilə müxtəlif peşə və həyat təcrübələrinə malik insanları bir araya toplayaraq "Bərabərlik sənətinin” təcrübəsini yaşatmaqdır. 
- Necə oldu ki, bu rəqs sizin diqqətinizi çəkdi və məşğul olmağa başladınız?
- Mən son 8 ildir ki, Türkiyədə yaşayıb fəaliyyət göstərirdim. Orada da rəqslə məşğul idim, amma daha çox Kuba rəqsləri ilə maraqlanırdım. Kuba mədəniyyətini çox sevirəm. Lakin bütün folklor rəqslərində olduğu kimi, onların rəqsində də müəyyən çərçivələr var. Mən isə rəqsdə çərçivələrin olmasını xoşlamıram. Sərbəstliyin tərəfdarıyam. Hər zaman hər kəsin sərbəst, rahat ola biləcəyi bir yer arzusunda idim. Yəni hamının rahatlıqla istədiyi rəqs elementlərini edə bildiyi bir rəqs növü. Həyatda yanlış və doğru hərəkətlər ola bilər. Amma rəqsdə "yanlış” və "doğru” individual bir şeydir. Bu, insana, ailəyə görə, ölkələrə görə dəyişə bilər. Daim fikirləşirdim ki, belə bir rəqs quracam və adını da "Souldance” qoyacağam. Yəni "ruhun rəqsi”. Yaradacağım rəqs növü barədə araşdırma apardığım zaman internetdə gələcək müəllimimin müsahibəsinə qulaq asdım. Və hiss etdim ki, bizim dünyaya baxışlarımız üst-üstə düşür. Sadəcə o, bu metodun adını "DanceAbility” qoyub və burada hər kəs – əqli və fiziki fərqlilikləri olan insanlar, peşəkar rəqqaslar, eləcə də başqa peşə sahibləri iştirak edə bilərlər. Daha sonra həmin müəllimin təlimində iştirak üçün Avstriyaya getdim. Bu metodun mərkəzi Amerikadır, ancaq hər il metod üzrə müəllimlik təlimləri, həmçinin Avstriyada beynəlxalq İmpulsTanz festivalında da keçirilir. Təlimdə iştirak edərkən artıq düşünməyə başlamışdım ki, bu metodu Azərbaycana da aparmaq və insanlarla paylaşmaq istəyirəm. Ancaq vətənə qayıtmağım bir ilə yaxın vaxt aldı. Gələndən sonra buradakı reabilitasiya mərkəzləri ilə maraqlandım. Və daha sonra fəaliyyətə başladım.
 
- Maraqlıdır, bu fəaliyyətə başlayanda Azərbaycanda necə reaksiyalarla qarşılaşdınız?
– Bəli, ilk vaxtlarda yaxınlarım, qohumlarım bunun çətin olacağını deyirdilər. Çünki düşünürdülər ki, heç bir sindromu və ya əlilliyi olmayan bir insan fiziki məhdudiyyəti və ya hər hansı bir fərqliliyi olan biri ilə rəqs etmək istəməz. Lakin bu metodun əsas özəlliyi onun qarışıq olmasındadır. Çünki bu zaman həm inteqrasiya baş verir, həm də dostlaşırıq. Burada sadəcə rəqs etmirik, eyni zamanda öz bədənimizi, daxili dünyamızı və bir-birimizi tanıyırıq. Biz rəqsə başlamazdan öncə dairə formasında oturub bir-birimizlə tanış oluruq, daha sonra bu tanışlıq monoloqlara və dialoqlara çevrilir, dərsin sonunda isə yenə bərabər oturub təcrübəmizi və nələr hiss etdiyimizi bir-birimizlə paylaşırıq. Rəqsdə daha çox funksionallığa yox, ifadəyə üstünlük veririk. Adətən, rəqsdə funksionallıq çox olur. "DanceAbility”də isə hər bir insanın daxili dünyası daha maraqlı və daha vacibdir.
- Musiqiləri özünüz seçirsiniz?
- Bəzən özüm seçirəm, bəzən də musiqiçilər dəvət edirəm. Adətən, ənənəvi rəqslərdə əvvəl musiqi səslənir, sonra rəqs başlanır. Biz isə keçən dərslərimizdə "yaradıcı laboratoriya” elədik. Rəqs edən başlayır improvizasiya etməyə, musiqiçi isə onu müşayiət edir. Həmçinin xoreoqrafiyanı da rəqs edən özü və ya qrup şəklində qururlar. Müəllim, sadəcə iştirakçıları onların etdikləri hərəkətləri daha dərindən hiss etmək və bir-biri ilə əlaqə qurmaq üçün müxtəlif vasitələrlə tanış edir. Müəllim heç zaman konkret hərəkəti göstərmir və təbii olaraq da bu hərəkətin təkrar olunmasını istəmir. Hər bir iştirakçı onun bədəninə xoş olan hərəkəti edir, bu günə kimi etmədiyi hərəkətləri edib təcrübə qazanır, bir sözlə, özünü və dərsdə olan bütün iştirakçıları kəşf etməyi sınayır. Yəni bu tamamilə, yaradıcı bir prosesdir. Sadəcə, metodda yeganə dörd prinsip var ki, ona əməl etmək mütləqdir: hiss etmək, əlaqə qurmaq, zaman və dizayn. İnsan hər hansı sözü deməmişdən və ya etməmişdən əvvəl onu hiss etməlidir. Əks halda, çox soyuq və hissiz bir şey alınacaq. Və hissi duymaq üçün konsentrasiya lazımdır. Dərslərimizdə rəqsə başlayandan öncə isinmə zamanımız var, bu müddət ərzində bədənimizin nəfəs almasına yönəlirik və eyni zamanda bədənimizin rəqsə hazır olması üçün isinmə hərəkətləri edirik. Bu metodda  isinmə hərəkətləri də fərqlidir. Kimsə bir müddət divara baxa bilər və ya kimsə yerə uzana bilər. Mən heç vaxt onlara göstəriş verməyəcəm ki, sən gəl və rəqsə başla. Bu onun seçimidir. Bu rəqsin əsas xüsusiyyətlərindən biri də məhz insanların seçiminə hörmətlə yanaşmağı öyrənməkdir. Buna görə də müəllimdən çox şey asılıdır. Rəqsin iştirakçıları görəndə ki mən hər bir insanın seçiminə hörmətlə yanaşıram, onlar bunu özləri üçün nümunə götürürlər. "DanceAbility” insanların bir-birlərini olduğu kimi qəbul etmələri üçün düşünülmüş metoddur.
- Rəqs növü kimi yanaşsaq, hansısa müsabiqələrdə iştirak nəzərdə tutulurmu?
- Bu yaxınlarda "Bakı Açıq Rəqs Kuboku” Rəşid Behbudov adına Mahnı Teatrında rəqs müsabiqəsi keçirirdi. Bizi ora açılış mərasimində çıxış etmək üçün dəvət etmişdilər. Lakin sırf müsabiqə baxımından mənim üçün rəqs idman deyil. Rəqsin hansısa çərçivədə olmasının ya da münsiflər heyətinin hansı rəqsin yaxşı olub-olmamasına qərar verməsinin tərəfdarı deyiləm. DanceAbility növünün də müsabiqəsi yoxdur. Sadəcə, müxtəlif ölkələrdə nümayişlər təşkil olunur. Belə nümayişlərin çoxunu küçə festivalları təşkil edir. Həmin nümayişlərdə iştirak etməkdə, əlbəttə ki, maraqlıyıq.
- Sağlamlıq məhdudiyyəti olan şəxslərlə məşq etmək sizə müəyyən çətinlik yaratmır ki?
- Qətiyyən. Əksinə, mən bundan zövq alıram. Çünki hər bir iştirakçı mənim üçün ayrıca planetdir. Mən onlarla məşğul olduqca, özümçün yeni dünyalar kəşf edirəm.
- İştirakçılar "DanceAbility” dərsləri haqqında nə düşünürlər?
- Bunu bilmək üçün YARAT Freestyle’ın bizim dərslərimiz haqqında çəkdiyi videonu izləmənizi tövsiyə edərdim.
 
- Hal-hazırda dərsləriniz davam edirmi?
- Bəli. Hər çərşənbə axşamı və cümə axşamı saat 19.00-21.00-da Nizami küçəsi 241-də yerləşən TanGo On məktəbində dərslərimiz keçirilir. Dərsə yazılmaq üçün həmin gün dərsin başlanmasından az öncə gəlib qeydiyyatdan keçmək kifayətdir. İstəyənlər əlavə məlumat üçün mənimlə də əlaqə qura bilərlər.
Söhbətləşdi: Cahanxanım Seyidzadə

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam