Fon yüklənir...

İran və “Hizbullah”a qarşı yeni plan - üçüncü Livan müharibəsi başlaya bilər - ŞƏRH

İran və “Hizbullah”a qarşı yeni plan - üçüncü Livan müharibəsi başlaya bilər - ŞƏRH

Bu

Bakı. 7 noyabr. / Ərəb yarımadası əhalisinin, demək olar ki, hamısı ərəblərdir. Sanki hansısa əl yarımadadan eyni soylu qardaşlara pay torpağı ayırıb və dövlət qurub.

Onların arasında ən böyüyü Səudiyyə Ərəbistanıdır. Krallıq Körfəzdə və onun ətrafında baş verən hadisələrin ya birbaşa, ya da dolayı yolla mərkəzində dayanır. Səudiyyə Ərəbistanında 54 nəfər nüfuzlu şəxsin və milyarderin həbsi ilə Livanın baş naziri Səəd əl-Həririnin istefası və onun Krallığa sığınmasının eyni vaxta düşməsini təsadüfi hadisə saymaq azından sadəlövhlük olardı. Çünki indiki şəraitdə Orta Şərqdə baş verənləri bir-birindən ayrı şəkildə təsəvvür etmək və qiymətləndirmək mümkünsüzdür. Bölgədəki hadisələr ya bir-birindən qaynaqlanır, ya da biri digərlərinə təsir göstərir.

5 il əvvəl Misir, Tunis, Liviya və Suriyadakı hadisələr ardıcıl və sürətlə baş verdi. Elə təsəvvür yarandı ki, bu hadisələr domino daşlarının aşması şəklində bütün Afrikanı və Orta Şərqi əhatə edəcək. Ancaq bir mərhələdə hadisələrin inkişafı və genişlənməsinin qarşısı alındı.

Noyabrın 4-də Livanın baş naziri Səəd əl-Həriri vəzifəsindən ayrılması ilə bağlı xəbəri efirdə çıxışı zamanı açıqlayıb. O bildirib ki, hazırda ölkədə vəziyyət atasına sui-qəsd edilən atomosferi xatırladır. Baş nazir televiziyada çıxışı zamanı deyib ki, atasının taleyi ilə üzləşəcəyindən narahatdır.

O, İranı və onun dəstəklədiyi “Hizbullah”ı da kəskin tənqid edib, rəsmi Tehranı ərəb dövlətlərinin əlaqələrinə müdaxilə etməkdə günahlandırıb. Səəd əl-Həriri özünə qarşı təxribat hazırlandığını da hiss etdiyini vurğulayıb.

O, 2016-cı ilin dekabrında prezident Mişel Aunla hakimiyyəti bölüşdürərək yenidən baş nazir olub. S.Həriri 2009-2011-ci illərdə hökumət başçısı postunu tutub. 2016-cı ilin noyabrında yenidən baş nazir kimi fəaliyyətə başlayıb və Livan üçün yeni eranın başlayacağını vəd edib.

Prezident isə ölkənin keçmiş, qətlə yetirilən baş naziri Rafiq əl-Həririnin qətlində təqsirli bilinərək beynəlxalq məhkəmədə ittiham edilən “Hizbullah”ın tərəfini tutur. 

Onun da qeyd etmək lazımdır ki, 2005-ci ildə atası qətlə yetirildikdən sonra Səəd əl-Həririnin baş nazir olması üçün yollar açılıb. O, atasının ölümündən sonra, əsasən, ölkənin sünni təriqətinə mənsub əhalisinə güvənən “Gələcək” (“əl-Mustəkbəl”) blokuna keçmiş və sonralar Livandakı ümumi uçurum səbəbindən digər partiyalarla birləşmişdi.

Yeri gəlmişkən, Rafiq əl-Həriri 1992-1998 və 2000-2004-cü illərdə Livanın baş naziri olub və istefa verdikdən bir müddət sonra, 2005-ci il fevralın 14-də sui-qəsd nəticəsində öldürülüb.

2011-ci ildə BMT-nin xüsusi komissiyası Livanın keçmiş baş naziri Rafiq əl-Həririnin qətli ilə bağlı araşdırmanın nəticələrini açıqlamışdı. Sənəddə qeyd olunub ki, keçmiş baş nazirə qarşı sui-qəsdi “Hizbullah” qrupunun üzvləri planlaşdıraraq həyata keçirib. Bəzi mənbələr bu qətli İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin 2005-ci ilin fevralında “sifariş” verdiyini bildirir. “Sifariş”çi olduğu üçün ona qarşı da ittiham irəli sürülüb.

İranın qənaətincə, Rafiq əl-Həriri Səudiyyə Ərəbistanının casusu idi. Bu səbəbdən də onun ölümü Livandakı “Hizbullah”a sərf edərdi.

Hesabatda ayətullah Xaməneinin İranın İnqilab Keşikçiləri Qvardiyasının komandanlığına əmr verdiyi haqqında dəlillər var. İttiham sənədinə əsasən, baş nazirə hücumu Muqniyanın əmisi oğlu Mustafa Bədrəddinin başçılıq etdiyi döyüşçü qrup həyata keçirib.

Xatırladaq ki, İmad Muqniya R.Həririnin qətlindən bir müddət sonra müəmmalı şəkildə öldürüldü. Onun da qətli haqqında çeşidli variantlar söylənilməkdədir.

R.Həririnin ölümündə İran hakimiyyəti və “Hizbullah”la yanaşı, Suriya prezidenti Bəşşar Əsəd, eləcə də onun əmisi oğlu, Suriya kəşfiyyat idarəsinin o vaxtkı başçısı Asəf Şövkətin də əsas rol oynadığı haqqında versiya irəli sürülür.

Prezident Mişel Aun S.Həririnin istefası ilə bağlı bəyanatından sonra ölkədəki bütün siyasi qüvvələri sakitliyi, təhlükəsizliyi və milli birliyi qorumağa çağırıb. Bunu baş nazirin istefasına prezidentin rəsmi münasibəti kimi də qiymətləndirirlər.

“Hizbullah”ın lideri Seyid Həsən Nəsrullah isə Səəd əl-Həririnin istefasında Səudiyyə Ərəbistanını ittiham edib: “Həriri doğrudan istefa vermək istəyirdisə, Livana qayıdıb bu barədə prezidenti məlumatlandırmalı idi”.

Qərb mətbuatı bildirir ki, baş nazir Livanı tələsik tərk edib. Ona qarşı sui-qəsdin hazırlandığından xəbərdar imiş. Bəzi mənbələr isə qeyd edirlər ki, onu sui-qəsd barədə ABŞ və ya İsrail xüsusi xidmət orqanlarının yardımı ilə Səudiyyə Ərəbistanı məlumatlandırıb.

Səəd əl-Həririnin istefası adi məsələ sayılmır. Bir sıra mənbələr bunun düşünülmüş hadisə olduğu qənaətindədir. Ehtimal edilir ki, ABŞ Qəzza, Livan, İraqın şimalı və Suriyada birbaşa savaşa girişməzdən əvvəl Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Liviyada general Hafterə bağlı qüvvələrdən ibarət piyada qoşunu yaratmağın hazırlığına başlayıb. 50 min hərbçidən ibarət olacaq bu qoşun Livanda “Hizbullah”ın mövcudluğuna son qoyacaq.

İstefa vermiş Səəd əl-Həriri noyabrın 7-də Səudiyyə Ərəbistanını tərk edərək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə gedib. O, BƏƏ-nin varis-şahzadəsi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zahid əl-Nəhyanla görüşəcək.

İran qaynaqları isə bildirir ki, Xaməneinin müşaviri Əliəkbər Vilayəti ilə S.Həriri gizli formada görüşüb. Görüşdə Səudiyyə Ərəbistanından yenicə qayıdan S.Həriri Ə.Vilayətidən İranın Yəməndən çıxmasını istəyib. Ə.Vilayəti isə bunu müsbət qarşılamayıb. Bu cavabdan sonra Həririnin Səudiyyə Ərəbistanına getdiyi ehtimal edilir və orada da kralın adamlarının istəyinə uyğun istefa verdiyi bildirilir.

Bu məsələdə Səudiyyə Ərəbistanı da İranı ittiham edir. Krallığın xarici işlər naziri Əbdül əl-Cübeyr Tehranı qonşu dövlətlərin təhlükəsizliyinə ziyan vurmaqda ittiham edib: “İran qonşu dövlətlərin təhlükəsizliyinə ziyan vurur, beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edir. Milli təhlükəsizliyimizi təhdid edən heç nəyə imkan verməyəcəyik”.

Qısaca yada saldığmız məlumatlardan da göründüyü kimi, Orta Şərqdə baş verən proseslər Səudiyyə Ərəbistanında Məhəmməd bin Salmanın hakimiyyətə gəlişi ilə yekunlaşmayacaq. Hamıya məlum olduğu kimi Livandakı “Hizbullah”ı İran yaradıb. Bu, Tehranın bölgədəki silahlı dəstəsi sayılır. Suriyadakı hadisələrdə də “Hizbullah”ın rolu, İranın xətti açıq-aydın görünürdü. Onların birgə fəaliyyəti isə perspektivdə İsrail və Səudiyyə Ərəbistanının təhlükəsizliyini daha artıq təhdid edə bilər.

Ehtimal olunan bu təhdidin qarşısını almaq üçün isə ilk növbədə Livanda siyasi sabitlik bu və ya başqa şəkildə pozulmalı, hakimiyyət, o cümlədən hökumət böhranı yaranmalıdır. Livan isə Suriya və İsraillə qonşudur. Odur ki, bu ölkədə sabitliyin pozulması “Hizbullah”ın Suriyadakı fəaliyyətini, İsrailə isə təhdidini zəiflədə bilər. Başqa sözlə, İranın Suriyadakı gücü zəifləyər, İsraili hədələyənlərdən biri azalar.

Nəhayət, Livan savaşlarını bu yerdə xatırlamağa ehtiyac duyduq. Birinci Livan savaşı 1982-ci ildə başlayıb. 2000-ci ildə İsrailin Livanın cənubundan çıxması ilə başa çatıb. İkinci Livan savaşı İsrail ordusu ilə Livanın cənubuna nəzarət edən “Hizbullah” arasında olub. 2006-cı il iyulun 12-də başlayıb və həmin ilin avqustun 14-dək davam edib.

Hər iki savaşda İranın yardımı olub. Ona görə də ehtimal etmək olar ki, Tehranı bir az da zəiflətmək, gücünü paylamağa vadar etmək üçün üçüncü Livan savaşı başlaya bilər. Bu plana uyğun olaraq həm “Hizbullah” İsrailin cənubundan “təmizlənər”, həm də bölgədə dağıdıcı rolu aradan qalxar. Ona görə də Səəd əl-Həririnin istefası bölgədə baş verəcəyi ehtimal edilən hadisələrin ilk mərhələsi bilər.

float: left; width: 100%;">
İran və “Hizbullah”a qarşı yeni plan - üçüncü Livan müharibəsi başlaya bilər - ŞƏRH

İran və “Hizbullah”a qarşı yeni plan - üçüncü Livan müharibəsi başlaya bilər - ŞƏRH

İran və “Hizbullah”a qarşı yeni plan - üçüncü Livan müharibəsi başlaya bilər - ŞƏRH

İran və “Hizbullah”a qarşı yeni plan - üçüncü Livan müharibəsi başlaya bilər - ŞƏRH

İran və “Hizbullah”a qarşı yeni plan - üçüncü Livan müharibəsi başlaya bilər - ŞƏRH

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam