Fon yüklənir...

Elmar Məmmədyarov Vyetnamın Milli Assambleyasının sədr müavini ilə görüşüb

Elmar Məmmədyarov Vyetnamın Milli Assambleyasının sədr müavini ilə görüşüb

Görüş© Azərbaycan XİN

Bakı. 14 sentyabr. / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədr müavini Uong Chu Luu ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında qurulan dostluq münasibətlərindən və qarşılıqlı səfərlərin intensivləşdirilməsindən məmnunluq ifadə edilib.

Uong Chu Luu müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətli inkişafına, habelə Bakı şəhərinin gözəlliyinə heyran olduğunu, iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu bildirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan Uong Chu Luu təhsil sahəsində uğurlu əməkdaşlığı yada salaraq, özü də daxil olmaqla, minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil almasını xüsusi vurğulayıb. 

E.Məmmədyarov ümidvar olduğunu ifadə edib ki, tezliklə Vyetnamın Azərbaycanda səfirliyinin açılması iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfə verə bilər.

Qeyd olunub ki, əməkdaşlığın bütün sahələrdə inkişafı üçün geniş potensial var və sovet dövründə əsası qoyulmuş münasibətlərin dərinləşdirilməsi hər iki tərəfin maraqlarına xidmət edir.

Xarici işlər naziri ikitərəfli münasibətlərin dərinləşdirilməsi və irəlilədilməsində 2014-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin, 2015-ci ildə isə Vyetnam prezidenti Çıonq Tan Şanqın Bakıya səfərlərinin əhəmiyyətli rolu olduğunu vurğulayıb. 

Görüşdə 2019-cu ildə Bakıda keçiriləcək Qoşulmamaq hərəkatının sammiti ilə əlaqədar yüksək səviyyəli Vyetnam nümayəndə heyətinin Azərbaycana səfər etməsi üçün əlavə imkan olduğu qeyd olunub.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barəsində məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğulayıb. 

Nazir həmçinin, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional nəqliyyat layihələri barədə danışıb və Vyetnam şirkətlərini bu layihələrin imkanlarından faydalanmağa çağırıb.

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam