Fon yüklənir...

Fətəli xan Xoyskinin qardaşı nəvəsi: "Mürtəza Məmmədova Bülbül adını nənəm verib" - MÜSAHİBƏ

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Leyla© Report

İstanbul. 7 sentyabr. / Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk baş naziri olan, daxili işlər, hərbi, ədliyyə və xarici işlər nazirlər vəzifəsində çalışan Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyskinin "Report"un Türkiyə bürosuna müsahibəsi.

- Leyla xanım, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra ata-ananızın nəsli üçün çox çətin olub, bəziləri qətlə yetirilib, bəziləri isə müxtəlif ölkələrə mühacirət ediblər...

- Düzdür, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1920-ci ildə bolşeviklər tərəfindən süquta uğradıldıqdan sonra bizim ailəmiz də Türkiyəyə mühacirət etmək məcburiyyətində qaldı. Həmin insanların həyatları bir nağıl, romandır. Onlar hər an Vətənlərinə qayıdacaqları həsrəti ilə yaşadılar. Anam deyirdi ki, hər gün səhər açılanda növbəti səhəri geri dönəcəyimizi düşünürdük. Onları Türkiyəyə gəldikləri il Azərbaycana geri qayıdacaqlarını düşündüklərindən qış üçün odun tədarükü də görməyiblər. 

Babam, Fətəli xan Xoyskinin böyük qardaşı Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçısı Cahangir bəy Kazımbəyli ilə birlikdə atla sərhədi keçərək Türkiyəyə gəliblər. Anamın ailəsi isə 1933-1935-ci illərdə Gürcüstandan keçərək dəniz yolu ilə Türkiyəyə mühacirət ediblər. Onlar əvvəlcə Sultanahmetdə gözəl bir ev kirayələyirlər, hətta evlərində iki qulluqçu da varmış. Ancaq sonradan qulluqçuların sayı birə enib, daha sonra isə hər işi özləri görməyə başlayıblar. 

Şirinbəyim nənəm danışardı ki, onlara Gəncədən qaçmaqda qulluqçulları kömək edib. Onlar gecə açarları verdikdən sonra nənəm qaranlıqda otağa girərək kəlağayıya bir az qızıl-zinət əşyaları qoyaraq qaçıblar. Məhz həmin qızıllarla Türkiyədə 12 il işləmədən yaşaya biliblər. 

Hər gün evimiz azərbaycanlı qonaqlarla dolu olurdu. Ana babam Adil xan Ziyadxan universitetdə rus dilindən dərs deyirdi. Ata babam Hüseynqulu xan Xoyski isə evdə otururdu, daha çox siyasətlə məşğul olurdu. Onlar daima Azərbaycana dönmək üçün planlar hazırlayırdılar. Mən babamda olan Vətən sevgisini heç kimdə görmədim. Bəzən saatlarla uşaq kimi ağlayırdı. O, həmişə öləcəyini və Vətəninə gedə bilməyəcəyini deyirdi. Məktub yox, telefon yox, xəbər yox. Həmin illəri çox yaxşı xatırlayıram və onların çəkdiyi əzabları sözlə ifadə edə bilmirəm. 

Babam Hüseynqulu xan toplantılarda Türkiyənin tanınmış şairi Tefvik Fikretin "Millet şarkısı"ndan ən çox bu misraları səsləndirərmiş:

Zulmün topu var, güllesi var, kal’ası varsa,

Hakkın da bükülmez kolu, dönmez yüzü vardır.

Digər babam Adil xan isə nəvələrinə Azərbaycanın bu atalar sözünü və Aşıq Abbas Tufarqanlının "Bəyənməz" qoşmasının aşağıdakı misralarını öyrədib:  

Keçmə namərd körpüsündən qoy aparsın sel səni, 

Yatma tülkü yuvasında qoy yesin aslan səni.

***

Adam var ki, adamların naxşıdı,

Adam var ki, heyvan ondan yaxşıdı.

Adam var ki, dindirəndə "can" deyir,

Adam var ki, dindirməsən yaxşıdı.

Hər il mayın 28-də evimizdə böyük bayram şənliyi təşkil olunurdu, Azərbaycan musiqiləri səsləndirilir, rəqsləri ifa edilirdi. Bəzən İstanbulda Bəyoğlunda, bəzən evlərdə, bəzən də müxtəlif məkanlarda 28 May - Respublika Gününü qeyd edirdilər... Bütün azərbaycanlılar bir yerə toplanardı, çox gözəl birlik vardı. Onlar tez-tez Azərbaycan günləri təşkil edirdilər və hər kəs bir yerə toplanırdı. Hər gün birinin evinə gedərdilər. Onların xəyallarında sadəcə Azərbaycana qayıtmaq var idi. 

Xatırlayıram, bir dəfə Zeynəb Xanlarova İstanbula gəlmişdi. İnanın, elə bilirdilər Azərbaycandan bir hava gəlib. Açıq havada konsert proqramı oldu, hər kəs oradaydı. “Arşın mal alan”, “O olmasın, bu olsun” və s. teatr tamaşalarını burada hazırlayırdılar. Bir sözlə, onların Azərbaycanla bağları heç vaxt qırılmadı. Həsrət cəmi 70 il sürdü və Azərbaycan təkrar müstəqilliyinə qovuşdu. Həmin günü sadəcə anam görə bildi. 1994-cü ildə Azərbaycandan bir qrup jurnalist bizə gəlmişdi, anam sevincindən hönkür-hönkür ağlayırdı. 

- Bir az da ailəniz haqqında məlumat verərdiniz...

Anamla atam uşaqlıqdan bir yerdə böyüyüblər, çünki qohum olublar. Anam Ziyadxan, atam da Xoyskilər kimi böyük nəslin nümayəndəsi idi. Atam İsgəndər xan Xoyski Azərbaycanda gimnaziya bitirmişdi, İstanbulda hüquq fakültəsindən məzun olub, universitetdə işləyirdi. Anam Mahrux bəyim Ziyadxan 1930-cu ildə atamla həyatı qurmaq üçün İrandan Türkiyəyə mühacirət edib. O, rus, ingilis və fars dillərini mükəmməl bilirdi. Anam kübar xanım, evdar qadın idi, pianinoda çox gözəl ifa edirdi. Mənə də pianinoda ifa etməyi öyrədib. Anam danışırdı ki, İstanbulun Florya sahillərində öz rəfiqələri ilə dənizə girərmişlər və hər kəs da onlara heyranlıqla baxarmış. Çünki həmin dövrlərdə İstanbulda qadınlar çimərlik geyimlərində dənizə girmirdilər. 

Atamgil 4 qardaş olub. Valiyə bibim Azərbaycan Xalq Cümhuriyyətinin ordu zabiti Cahangir bəy Kazımbəyli ilə ailə həyata qurub, sonradan Varşavaya köçür və orada yaşayırlar. Digər bibim Sima xan Xoyski isə əslən Gəncə şəhərindən olan, vaxtilə Türkiyəyə mühacirət etmiş Hacıbaba Gəncəlinin oğlu Məhmətəli Məhmətzadə ilə ailə həyatı qurub, İstanbulda yaşayıblar. Əmim Zahid xan Xoyski ABŞ-a köçüb, orada da dünyasını dəyişib, hazırda övladları və nəvələri Birləşmiş Ştatlarda yaşayırlar. 

Anamgil 5 bacı olub, hamısı Amerika kollecini bitiriblər. Ana nənəm Reyhanət Həsən ağa qızı Bakıxan Bakı xanının yeganə qızı olub. Xalamın biri Mələk Məmmədzadə ABŞ-da yaşayıb, orada vəfat edib. 

Mən 1930-cu ildə anadan olmuşam, indi 87 yaşım var. Qardaşım İbrahim isə 1932-ci ildə doğulub. Hər ikimiz də ən yaxşı məktəblərdə oxuduq. İstanbulda Cahangirdə qalırdıq, uzun müddət kirayələrdə yaşadıq, daha sonra həmin səmtdən ev aldıq. Həmin ev indi də durur, boğaza gözəl mənzərəsi var. Azərbaycanlıların əksəriyyəti o vaxtlar İstanbulun Laləli səmtində qalırdı. Biz tez-tez həmvətənlərimizin evlərinə qonaq gedərdik. Uşaqlığımız II Dünya müharibəsinə təsadüf etdi. Mən riyaziyyat müəllimi, qardaşım isə memar oldu. Çox maddi sıxıntı çəkdik. Azərbaycandan gətirdiyimiz bütün qızıl-zinət əşyalarını satdıq. Ancaq evimizdən heç vaxt qonaq əksik olmadı. 

30 yaşımda köklü ailələrdən olan Nağı Şeyxzamanlının oğlu Yavuz bəylə ailə həyatı qurmuşam. Yavuz bəy İstanbulda Kapalıçarşıda antik əşyalar satırdı. Ana-atam azərbaycanlı ilə ailə qurmağımı istəyirdi. Yavuz mənim uşaqlıq dostum idi, onların evlərinə qonaq gedirdik. Yavuzun anası deyirdi ki, səni onunla evləndirəcəyəm, mən də gülürdüm. Mən müəllim işləyirdim, Yavuzun ailəsi elçiliyə gəldi. Ancaq ailəm əvvəlcə "yox" dedi, ancaq sonra yenə də elçiliyə gəldilər, beləcə biz ailə həyatı qurduq. Övladımız olmadı. Hətta qardaşımın da övladı olmadı. Ancaq buna görə təəssüflənmirəm. Çünki ətrafım hər zaman gözəl insanlarla doluydu. Ona görə də heç vaxt özümü övladsız hiss etmədim. Tələbələrim, oxutduğum uşaqlar indi də məni tək buraxmırlar. Həyat yoldaşım vəfat etdi, çox şükür yenə də tək deyiləm. Xoşbəxt insanam, gözəl həyat yaşamışam. Gənclik çox gözəldir, gərək dəyərini anlayasınız. Həyat gözəldir, çətinlikləri var, ancaq iman gücü ilə Allaha güvənincə hər zaman yolları açıq edir. Yaşlanmaq insan övladına xas fizioloji xüsusiyyətdir, bundan qaçış yoxdur, qəbul edəcəksən və hər şeyə şükür edəcəksən. Mənim ailələrim dəbdəbəli həyatlarından gələrək sıxıntılar içində yaşadılar, ancaq bir gün belə şikayət etmədilər. 

- Ana babanız Adil xan Ziyadxan Azərbaycanın İrandakı səfiri olub... 

- Bəli, AXC qurulduqdan sonra Fətəli xan Xoyski Adil xan Ziyadxanı fars dilini mükəmməl bildiyi üçün İrana səfir olaraq göndərdi. Həmin vaxt Adil xan Ziyadxan da 4 dostun dizayn edərək hazırladığı Azərbaycan bayrağını da özü ilə aparmışdı. AXC süquta uğradıqdan sonra həmin bayraq evimizə gətirildi və divarımızdan asılmışdı. Bilirsiniz, həmin bayraq bizim üçün nə qədər dəyərli, müqəddəs, toxunulmazdı?! Evimizda yuxarı başda asılmışdı, xalalarım da bayrağın ətrafına qızıl pullar tikmişdilər, kəpənək formasında ortadan büzmüşdülər. Pianinonun üstündə çox gözəl bir görüntü yaratmışdı. O, Azərbaycanın ilk bayrağı idi. Ancaq həmin evdən daşınarkən bayrağı itirdik, ya da oğurladılar. Biz bayraq eşqi, sevgisi ilə böyüdük. İndi Bakıda dünyanın ən böyük bayraq dirəyi Azərbaycanın üçrəngli bayrağını səmalarda dalğalandırır. Bax, mənim üçün ən böyük qürur, xoşbəxtlik budur.

- Ailənizlə bağlı hansı yaddaqalan xatirələriniz var? 

- Anam danışırdı ki, Ənvər paşa və Nuri paşa evimizdə qonaq olublar, hətta qalıblar da. Gəncədə Fətəli xanın həyat yoldaşı da bizimlə yaşayırmış. Gəncədə bağın içində babamgilin böyük bir evi olub. Əvvəlcə məktəb olub, sonra isə söküblər. Bir də anamgilin evi vardı, indi həmin ev Gəncə Tarix-diyarşünaslıq müzeyidir. Mən görməmişəm, ancaq qardaşım Gəncəyə gedərək ziyarət etdi. Çox böyük binadır, köşkdür, buradakı “Daş qışlası”na bənzəyir. Gəncədə məkhəmə binasının qarşısında yerləşirmiş. Fətəli xanın milliyyətcə rus olan həyat yoldaşı Yevgeniya Vasilyevna (sonradan İslam dinini qəbul edərək adını Ceyran xanım olaraq dəyişdirib) çox gözəl yeməklər bişirərmiş. Atam deyirdi ki, bağda oynayarmışlar. O isə rus dilində “Murad, İsgəndər,  yemək hazırdı, gəlin” deyə səslənərmiş. 

Şirinbəyim nənəmin övladlığa götürdüyü Sənəm adlı bir qız varmış. Bu qız bir oğlana aşiq olur. Həmin oğlan da hər gün bizim bağda ağacların üstünə çıxaraq mahnı oxuyurmuş. Məgər həmin oğlan da Polad Bülbüloğlunun atası Mürtəza Məmmədov imiş. Məhz Mürtəza Məmmədova da Bülbül adını nənəm verib. Həmin vaxt onun 18 yaşı varmış, nənəm də Sənəmi “ay qız Bülbül oxuyur” deyə səsləyirmiş. Mən Bülbüloğlunu tanımıram, ancaq yəqin bu hekayə ona da maraqlı gələr.

- Leyla xanım, qardaşınızın dədə-baba yurdlarınızı ziyarət etdiyini bildirdiniz. Bəs siz niyə indiyədək Azərbaycana getməmisiniz?

- Mənim təyyarədə səfər etməklə bağlı qorxum var. Ona görə də indiyədək təyyarəyə minməmişəm. Çünki bununla bağlı acı hekayəm var. Belə ki, 1947-ci ildə ailəsi ilə birgə İtaliyada yaşayan Valiyə bibim təyyarə qəzasında həlak oldu. O, II Dünya müharibəsi başa çatdıqdan sonra bizi ziyarət üçün İstanbula gəlmişdi, İtaliyaya qayıdan zaman təyyarə Yunanıstanda dağa çırpıldı, qəzada xeyli sayda insan həlak oldu. Şirinbəyim nənəm teleqraf gələndə özünü pəncərədən atmaq istədi. Mən də arıq bir qız idi, ancaq nənəmi qucağıma alıb necə geriyə doğru çəkmişəmsə, nəticədə halım pisləşdiyindən müvazinətimi itirmişəm. Həmin gün çox qorxmuşdum və bu hadisədən sonra təyyarəyə qarşı fobiyam var. Düzdür, çox cəsuram, qorxaq insan deyiləm, ancaq qəzadan sonra məndə psixoloji olaraq çox böyük qorxu yarandı. Valiyə bibimin üç övladı var idi, hər üçü də vəfat etdi. Bu səbəbdən Azərbaycana gedə bilmədim, ancaq qardaşım getdi. Vətəndən torpaq gətirdi, ata-anamın qəbirlərinə səpdik.

Babam hər zaman deyirdi ki, ay Leyla azərbaycanlının qüsuru olmaz, azərbaycanlılar qüsursuzdur. Bunu yaddaşıma həkk etmişəm. Mənə elə gəlir ki, azərbaycanlılar heç vaxt səhv etməzlər, qüsursuzdurlar.

Mən də Azərbaycanı çox sevirəm, ora mənim digər parçamdır. Ancaq onların həsrəti başqa idi. Hamınızın başım üstündə yeri var. Mənim qapım hər zaman azərbaycanlılara açıqdır. Azərbaycanın müstəqilliyinin daimi olması üçün hər gün dua edirəm. Mənə Bakının, Gəncənin şəkillərini göstəriblər. Hündür binalar, işıqlı və təmiz küçələr, parklara, yollara heyran qaldım. Çox xoşuma gəldi, çox... Mən azərbaycanlılara heyranam. Rəsmin, sənətin, musiqinin gözəl olduğu ikinci belə ölkə yoxdur. Azərbaycanlı olduğum üçün qürur duyuram.  

- Ata-ananızın dostları ilə necə əlaqələriniz qalıbmı?

- Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun qızı Sara xanım Sultanoğlu anamın yaxın dost idi, tez-tez bizim evə gəlir, saatlarla söhbət edirdilər. Anam deyir ki, onlar Fransadan Türkiyəyə gəlmişdilər. Onun qızı, yəni Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnara Kurdemir ilə uşaqlığımız bir keçib. Sonra Gülnara xanım müəllim işlədi, qardaşı da oxuyurdu. Həmin illəri çox yaxşı xatırlayıram. Gülnara xanım çox gözəl qız idi, hər həftə kinoteatra film izləməyə gedərdik. Artıq yaşlanmışıq və görüşməyəli uzun illər oldu. 

- Azərbaycan milli xörəklərini yaxşı hazırladığınızı, həmçinin pianinoda gözəl ifa etdiyinizi eşitmişik...

- Yeməklərimin gözəl olduğunu düz deyiblər (Gülür). Çox gözəl plov, dovğa bişirirəm. Anamın hazırladığı bütün yeməkləri bilirəm. Azərbaycan mətbəxi zəngindir. Anam o vaxtlar qarpız, qoz mürəbbəsi bişirərdi. Azərbaycanlıların evindən heç vaxt çay və mürəbbə əskik olmayıb. Mən də həmişə çayı mürəbbə ilə içirdim. Bilirsiniz ki, türklərdə belə şey yoxdur. İndi şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyimdən mürrəbə ilə çay içə bilmirəm.

Musiqini çox sevirəm, mənə anamdan keçib. Anamın xüsusi royalı varmış, xalalarım da pianinoda gözəl ifa edirdilər. Əvvəllər pianinoda klassik musiqiləri çalardım, ancaq indi daha sadə və həzin musiqilər ifa edirəm. Azərbaycan xalq mahnılarını çox sevirəm.

- Hazırda evinizdə ailənizin Türkiyəyə mühacirət zamanı Gəncədən gətirdiyi əşyalar da var...

- Anam ömrünün son illərini bu evdə keçirdi. Təbii ki, evimizdə onlardan qalan əşyalar çoxdur. Qızıl saatlarım, gümüş çantam və gümüş qab-qacaqlar var. Bundan başqa, qızıl suyu ilə qələmə alınmış "Qurani-Kərim" kitabı da evimizdədir, üzərində də qızıl pullar tikilən bir örtük var. Qalan əşyaların hamısının üzərində həmin dövrə aid naxışlar və imzalar mövcuddur. Hətta bir qənd qabının üzərində Adil xan Ziyadxanın imzası var. Bunlar xəzinədir, mənəvi dəyərləri çox böyükdür.

- Leyla xanım, gələn il Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyi Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunacaq. Bildiyiniz kimi, Əli bəy Hüseyinzadənin qızı Feyzavər xanım atasının arxivini Azərbaycan İstiqlal Muzeyinə bağışladı. Bəs siz necə belə bir addım atmağı düşünürsünüzmü?

- Mən burada azərbaycanlıların əksəriyyətini tanıyıram və hamısına da qapım açıqdır. Ancaq məhz onlardan bir nəfəri - professor, rəssam Teymur Rzayev sayəsində qapımı açanların çoxunu tanımışam. O da ailəmdən qalanları Azərbaycana hədiyyə etməyimi istəyir. Mən də tərəddüd etmədən təklifi qəbul etmişəm. İndi ən böyük arzum 2018-ci ili görməkdir. Azərbaycanı görmək, Gəncəyə gedib İmamzadəni ziyarət etmək istəyirəm. Əgər səhhətim imkan versə, bir yolunu tapıb gedərdim. Axı 87 yaş az deyil, hətta həkimlər belə mənim belə sağlam qalmağıma təəccüblənirlər. Onlardan biri məndən haralı olduğumu soruşdu Mən də azərbaycanlı olduğumu dedim. Həkim də güldü və "belə də bilirdim" dedi. 

Türkiyə türklərinin bir sözü var: “Hər şey könlünüzcə olsun”. Mən də buradan azərbaycanlılara hər şey könüllərincə olsun deyirəm. Azərbaycana ürəkdən xeyir-dualarımı göndərir, hamınızı öpürəm.

Vüsalə Abbasova 

float: left; width: 100%;">
Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Fətəli xan Xoyskinin qardaşı nəvəsi:

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam