Fon yüklənir...

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası oktyabrda keçiriləcək

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası oktyabrda keçiriləcək

Bakı. 18 iyul. / Energetika Nazirliyində Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasına hazırlıq məsələləri müzakirə edilib.

"Report"un xəbərinə görə, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasına hazırlıq məsələlərinin müzakirəsi məqsədilə energetika naziri Natiq Əliyev ilə Azərbaycanın Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri Anar İmanov arasında görüş keçirilib. 

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasının bu ilin oktyabr ayında Vyetnamda keçirilməsi planlaşdırılır. Görüş zamanı iki ölkə arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq potensialı nəzərdən keçirilərək, irəli sürülən təkliflər dəyərləndirilib.

Vyetnamın neft və Qaz Korporasiyası “Petrovietnam” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasınının enerji sahəsində əməkdaşlığa töhfə verdiyini vurğulayan səfir Anar İmanov Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənməsinə maraq göstərdiyini diqqətə çatdırıb. Azərbaycan şirkətləri tərəfindən istehsal olunan neft avadanlıqlarının Vyetnam bazarına çıxarılmasının, tikinti şirkətlərinin Vyetnamda həyata keçirilən infrastruktur layihələrində iştirakının, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlığın təmin edilməsi üçün Hökumətlərarası Komissiya səviyyəsində dəstəyin vacibliyi qeyd edilib.

Energetika naziri Natiq Əliyev isə bildirib ki, Vyetnam bazarı Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçün cəlbedicidir. Bununla yanaşı, Vyetnam Azərbaycanla enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq edə bilər.

Bildirək ki, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri energetika naziri Natiq Əliyev, Vyetnam tərəfindən həmsədri isə sənaye və ticarət naziri Tran Tuan Anhdır.

Ümumiyyətlə, 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 13,6 mln.ABŞ dolları, idxalın həcmi 9,7 mln.ABŞ dolları, ixracın həcmi isə 3,9 mln ABŞ dolları olub.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam