Fon yüklənir...
Загрузка...

Azərbaycanda seks niyə çox satır? - SORĞU

Загрузка...
Seks, porno, zorlama: bunlar niyə çox satır?
 
Qərb dünyasında da media və ədəbiyyatla bağlı çox səslənən bir fikir var: "Sex sells – Seks satar”. Bütün dünyada formalaşmış belə bir fikir var ki, oxucu və ya tamaşa daha çox yüngül mövzuları oxumağa, izləməyə üstünlük verir. Bu tendensiya özünü Azərbaycan mediası və ədəbiyyatında da qabarıq şəkildə göstərir. Demək olar ki, bütün media qurumları oxucunun daha çox tələb etdiyi və daha çox arzuladığı mövzuları işləməyə üstünlük verir. Bu mövzuları da yenə də oxucunun görmək istədiyi, axtardığı "açar sözlər”lə auditoriyaya təqdim edir. Bu "açar sözlər” də əsasən cinsi, ağır kriminal, zorlama və ya bu kimi mövzularla səsləşən ifadələrdən ibarət olur. Bəs, ölkə mediasında bu mövzulara bu qədər müraciət olunmasının kökündə nə yatır? Doğrudan da media oxucularla ayaqlaşmaq üçün bu mövzuları işləmək məcburiyyətində qalır?
 

Azərbaycanda seks niyə çox satır? - SORĞU

 

"Saytlarda daha çox açıq-saçıq başlıqlı yazıların oxunması xoşagəlməz hal olsa da, buna təbii proses kimi baxmaq olar. Çünki indi bütün dünyada medianın kommersiyalaşması gedir. Media özünü satışa çıxarır, alıcı axtarır. Və özünə maraq yaratmaq üçün insanların bioloji hisslərini istismar etməyə başlayır, insan biologiyasını əsas götürür. İndiki aramsız iş rejimi şəraitində kommersiyalaşan media insanların məlumatlandırılmasında deyil, sadəcə onların əylənməsində və stress atmasında maraqlı olur”.
 
Bunu mövzu ilə bağlı Ailem.az-a danışan media mütəxəssisi Zeynal Məmmədli bildirib. O qeyd edib ki, mətbuatda bu kimi məlumatlara və başlıqlara çox yer verilməsi hazırda bütün dünyada diqqət çəkən bir tendensiyadır: "Demokratik, inkişaf etmiş ölkələrdə bu diqqət cəlb etdiyindən mediaya ayrı-ayrı seqmentlərə, insanların ayrı-ayrı bölümlərinə ünvan tutmağa başlayır. Müxtəlif mövzulu telekanallar yaranır və onlar tarix, cizgi filimi, əyləncə, sənədli filmlər, xarici dil öyrətmək, karyera qurmaq və sairlə bağlı olur. Bu cür seqmentlər isə medianın kommersiyalaşmasının qarşısını almağa və onun əsas funksiyasını - ictimaiyyətə önəmli məlumatlar çatdırmaq funksiyasını ödəməyə başlayır. Bunun üçün həmin ölkələrdə uyğun şərait olur. Yəni monopoliyadan uzaq bir bazar olur. Yalnız sərbəst bazar medianın kommersiyalaşmasına yol açdığı qədər də, medianı ticariləşmə bəlasından qurtara bilər”.
 
"Auditoriya düşünmədən ona veriləni yeyir”
 
Z.Məmmədlinin sözlərinə görə, Azərbaycanın reklam bazarı idarə olunan bazardır və saytlar açıq-saçıq materiallar verməklə, reklam qazana bilməzlər: "Elə illuziya yaranır ki, sanki onlar reklam qazanmaq üçün bu yola əl atırlar. Amma bunun arxa planı belə deyil. Bu, sadəcə, media azadlığının olmadığını gizlətmək üçündür. Auditoriyanı bir istehlakçıya çevirmək üçündür. Auditoriya düşünmədən ona veriləni yesin. Burada sürü bənzərliyi də var. İnsanı zombiləşdirmək və ona veriləni heç bir etiraz etmədən yeməyə alışdırmaq. Bunun üçün insanların bioloji hisslərindən istifadə olunur. Bioloji tələbat önə çəkilir. Bioloji tələbat önə çəkiləndə isə Azərbaycandakı mənzərə alınır. Azərbaycanda peşəkar jurnalist olmaq, peşənin dərinliklərini, çətinliklərini öyrənmək, həm maddi, həm də mənəvi əziyyətlərinə tablaşmaq yerinə, bu cür ucuz yolla başa gələn istiqamət seçilir. Yəni burada obyektiv səbəblərdə də var, subyektiv səbəblər də. Burada jurnalistlər və media qurumlarının özlərindən asılı olan səbəblər də var, olmayan səbəblər də. Bunların hamısını üst-üstə gələndə Azərbaycandakı vəziyyət yaranır”.
 
Media mütəxəssisi bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə medianın ticariləşməsi daha çox pul qazanmağa, fürsəti fövtə verməməyə yönəlibsə, Azərbaycanda bunun mahiyyəti sadəcə insanların beynini yumaq, əyləndirmək və sakitləşdirməkdir: "İnsanlar xəbəri, tox olanda yemək yemək kimi qəbul edirlər. Az pul xərcləməklə sahibkar istədiyini edir, özünə uyğun psixologiya formalaşdırır”.
 
Z.Məmmədli onu da qeyd edib ki, təhsilli auditoriya uzun müddət buna dözə bilməz. Onun sözlərinə görə, Azərbaycan auditoriyası buna dözürsə, deməli, o, keyfiyyət baxımından digər yerlərdən fərqlənir: "Lakin peşəkar olmaq, cəmiyyət həyatını dəyişmək istəyənlər bu mediadan uzaqlaşır. Məlumatları başqa yerlərdən almaqla bu azsaylı təbəqə öz informasiya tələbatını ödəyir. Amma nəticədə Azərbaycan uduzur, vətənpərvərlik tamamilə xoşagəlməz yön alır və özünü, öz xalqını bəyənməzlik hissləri yaranır. Bu sahədə vəziyyətin nə vaxt düzələcəyi isə artıq cəmiyyətin müzakirəsinə veriləcək bir məsələdir. Hər bir azərbaycanlı hiss etməlidir ki, bu, indidən gələcəyi öldürməkdir. Doğulmayan uşağı, doğulmayan ümidi öldürməkdir. Bunu başa düşən cəmiyyət, vəziyyəti dəyişmək üçün çırpınmağa başlayacaq”.
 
"Mediadakı seks həvəsi keçicidir”
 
 
"Qafqazinfo.az” saytının baş redaktoru Elbrus Ərud isə mövzu ilə bağlı Ailem az-a danışarkən qeyd edib ki, saytlarda yazılara açıq-saçıq başlıqların qoyulması və belə məlumatların daha çox oxunması ilk növbədə auditoriyanın səviyyəsindən xəbər verir: "Yəni buradan məlum olur ki, auditoriyanın tələbatı nədir, nə ilə qidalanır, oxucu nə istəyir. Sovet dövründə belə bir deyim var idi ki, oxucunun, tamaşaçının səviyyəsinə düşməmək, əksinə onları yüksək səviyyəyə qaldırmaq lazımdır. Bu, absurd bir fikirdir. Çünki media cəmiyyətin bir parçasıdır və cəmiyyətin tələblərinə uyğunlaşır. Cəmiyyət də daha çox açıq-saçıq yazılarla, sekslə uğraşan bir cəmiyyətdir. Media və saytlar da belə yolla daha çox oxunmağa çalışır. Bu mənada saytları hardasa başa düşmək olar. Amma əndazəni aşmaq olmaz. On yazıdan ikisini bir az yüngül etmək olar. Lakin on yazının onuna da belə başlıqlar qoymaq yolverilməzdir. Hazırda göbələk kimi cücərən bir-iki sayt var ki, bu məsələ onlarda daha çox köşə yazarlarının yazılarında büruzə verir. Saytlar bu yazarlara şərait yaradıb, onlar da bundan istifadə edib süni manevrlər etməyə başlayıblar. Özlərinə oxucu qazanmaq üçün bu yollara əl atıblar”.
 
Baş redaktorun sözlərinə görə, Azərbaycanda media ilə uğraşan, təxminən 5-10 min nəfərlik kütlə var və onların hamısı yazının oxunuş sayını izləməklə məşğuldurlar: "Yazının oxunuş sayına baxma xəstəliyi yazıya qoyulan başlıqların cəlbedici olması zərurətini yaradıb. Bunun üçün yazının içərisindən seks, erotika, fahişə və s. kimi sözlər seçilir. Bu, cəmiyyəti seksual manyaka çevirib. Mətbutda belə bir məlumat getsə ki, kimsə kiminsə arvadını zorlayıb. Hamı başlayacaq axtarmağa ki, kim zorlayıb, harada zorlayıb. Məsələnin, cinayətin mahiyyəti artıq qalır bir kənarda, başqa məsələlər araşdırılır. Elə bil auditoriya bir tamaşa axtarır. Cəmiyyətdə tamaşa etmək istəyi var. Təkcə sekslə bağlı olan xəbərlər deyil, eləcə də digər xəbərlər də var ki, oxucunu özünə daha çox cəlb edir. Məsələn, "avtoş videosu” sözü yazılan bir xəbər yerləşdirilən kimi oxucu sayı kələ-çarxa çıxır. Buradan məlum olur ki, cəmiyyətdə bir tamaşa etmək, şouya baxmaq arzusu var”.
 
E.Ərud hesab edir ki, hər bir halda Azərbaycanda ciddi media uğur qazanacaq: "Əgər yazının başlığı oxunmaq xətrinə qoyulursa, onun yazarı da o başlıqdan fərqlənmir. Başlığından asılı olmayaraq yaxşı yazı həmişə oxunulur. Elə imzalar var ki, onlar bütün erotik sözlərdən yuxarıda dayanır və cəmiyyət onları oxuyur. Mediadakı seks həvəsi keçicidir. Hesab edirəm ki, bir neçə il sonra ciddi media uğur qazanacaq, bu bum dağılacaq, bayağı və gülünc başlıqlardan istifadə azalacaq”.
 
"Açıq-saçıq yazılar psixoloji problemlərə səbəb olur”
 
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov məsələ ilə bağlı Ailem.az-a açıqlamasında bildirib ki, auditoriyanın yüngül başlıqlı yazılara marağı insan tələbatından qaynaqlanır: "Əslində biz bu məsələyə psixoanalitik nöqteyi-nəzərdən yanaşsaq, maraqlı müşahidələrə şahid olarıq. Qeyd etdiyiniz mövzular hələ uşaqlıqdan bizə yasaq edilib. Ona görə də şüuraltı olaraq daim diqqət mərkəzimizdə olur. İmkan yarandıqca insanlar bu mövzuya gizli və ya açıq şəkildə maraq salırlar. Hər insanda bu müxtəlif formada təzahür edir. Bir qisim insan cinsəlliklə bağlı yazılar oxumağı, başqa bir qismi film izləməyi, bir başqası isə onun haqqında danışmağı sevir. Bütün bunlar ayrı-ayrılıqda insana xas bir xüsusiyyət kimi dəyərləndirilir. Diqqət etsək görərik ki, hələ orta məktəbdə uşaqlarda bu kimi mövzulara maraq formalaşır. Maraq hər zaman olub. İndi isə internetin, texnologiyanın inkişaf etdiyi müasir cəmiyyətdə qeyd etdiyiniz formada özünü göstərir. Yəni müxtəlif aidiyyəti olub-olmadığı mövzularda oxucunun diqqətini cəlb etmək üçün başlığa cinsəlliklə bağlı cümlələr çıxarılır. Dolayı ilə oxucu sayını, artırmış olurlar. Marağın özü isə insan tələbatından qaynaqlanır”.
 
E.Rüstəmovun sözlərinə görə, mətbuatda açıq-saçıq başlıq və yazılardan geniş şəkildə istifadə olunması bir çox psixoloji problemə səbəb olur: "Ən böyük fəsad isə insanlarda bu mövzulara marağın artmasına səbəb olmasıdır. Digər tərəfdən istər yeniyetmə, istərsə də gənclərdə cinsi problemin yaranmasına səbəb olur. Bu da zaman keçdikcə ailədaxili münasibətlərə öz mənfi təsirini göstərir. Ona görə yaxşı olardı ki, cinsi maariflənmə sahəsində işlər aparılsın. Bu istiqamətdə insanlarımız maarifləndirilsin. Belə olan təqdirdə maraq normal bir səviyyədə olacaq. Dolayısı ilə problemi qismən aradan qaldırmış olarıq. Bu işdə hər birimiz bir qədər məsuliyyətli olsaq, düşünürəm ümumi işin xeyrinə olacaq”.   
Загрузка...

ŞƏRHLƏR

sevinc m-zada

18 İyul 2014 18:43

Sitat: Night Wolf
Xəbər çooox qısa idi lol

he)
--------------------
love Koray İzitaş Vine love

Night Wolf

18 İyul 2014 18:06

Xəbər çooox qısa idi lol
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

18 İyul 2014 12:21

xebere gore tesekkurler
loading...
Загрузка...